"Bayramdır, içmişəm" deyən sürücülər də var - Yol polisləri reydlərə başlayıb


Astara rayonunda sürücülərə qarşı reyd keçirilib. 
Yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi və kobud qayda pozuntuları törədən sürücüləri aşkarlamaq məqsədilə 30-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb. 

Astara Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi reyd zamanı "saxla!" əmrinə tabe olmayaraq məsuliyyətdən yayınmaq istəyən sürücülər də olub. Onlardan 13-ü barəsində inzibati protokol tərtib edilib.

Gecə saatlarına kimi davam edən reyddə bir sıra ciddi qayda pozuntularına yol verən sürücülərlə yanaşı, "Bayramdır, içmişəm" deyib, sərxoş halda sükan arxasında oturan sürücülərə də rast gəlinib. Bunda başqa, reyd zamanı təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, hətta qardaşının sürücülük vəsqəsini özününkü kimi təqdim etməyə cəhd göstərənlər də olub.

Bərdə rayonunda da sürücülərə qarşı reyd keçirilib. Bərdə rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi tədbir bayram axşamı yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi və kobud qayda pozuntuları törədən sürücüləri aşkarlamaq məqsədi daşıyıb. 

Gecə saatlarına qədər davam edən reyd zamanı 20-yə yaxın sürücüyə protokol tərtib olunub. Bir neçə avtomobil isə müvəqqəti saxlama dayanacağına yerləşdirilib.

Reydlər bir neçə gün davam edəcək.
(Report)

DİGƏR XƏBƏRLƏR

Top