Paşinyan Putinlə razılığa gələ bilmədi: Rusiya qazının qiyməti artacaq

Ermənistan üçün verilən rus qazının qiyməti artacaq, amma istehlakçı bunu hiss etməyəcək.

Bunu “Feysbuk” hesabındakı canlı yayım zamanı Ermənistanın baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan deyib.

“Dünən iki dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdım. Müzakirə mövzusu Ermənistana tədarük edilən qazın qiyməti oldu. Deyə bilərəm ki, biz minimum yaxın gələcək üçün razılaşdıq”, – deyə o bildirib.

O, “Qazprom” və “Qazprom Ermənistan”ın qazın qiymətinə yenidən baxmalı olduğunu deyib.

Paşinyan yeni qərar sayəsində Ermənistanın hansısa borclar alacağı və bundan sonra Rusiyaya hansısa aktivləri verəcəyi ilə bağlı yayılan fikirlərin həqiqət olmadığını bildirib.

O, Putinlə yalnız qaz qiymətləri məsələsini müzakirə etdiyini və digər heç bir məsələyə toxunmadığını bildirib.

Paşinyan bir daha qaz qiymətlərinin müzakirəsinə yenidən qayıdacaqlarını və bu razılaşmanın müvəqqəti olduğunu vurğulayıb.

Qeyd edək ki, 31 dekabr 2018-ci ilə qədər Ermənistan sərhəddə Rusiyadan qazın min kubmetrini 150 dollara alıb, lakin o, istehlakçılara iki dəfə yüksək qiymətə çatdırılıb. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top