
Hər il ənənəvi olaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində təşkil edilən "Şeyx Zayed İrsi" adlı festivalda qurulan Azərbaycan pavilyonunun girişində Dağlıq Qarabağdakı seperatçı rejimin "simvolu" hesab olunan "Biz və bizim dağlar" abidəsinin maketi yerləşdirilib. Yeniavaz.com ərəb mətbuatında yer alan məlumatlara istinadən bildirir ki,maketin üzərində ingilis və ərəb dillərində "Azərbaycan" sözü yazılıb.
Məlumat üçün bildirək ki, 1967-ci ildə Xankəndi şəhərinin girişində ucaldılan bu abidənin müəllifi erməni heykəltəraş Sarkis Baqdasaryandır. Ermənilər arasında "Baba və nənə" adı ilə tanınan bu abidə hazırda seperatçı rejimin "gerb"ində də yer alıb.
Abu Dabi şəhərində qurulan Azərbaycan pavilyonunun qarşısında bu abidənin maketinin hansı məqsədlə yerləşdirildi bilinməsə də, ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Erməni mətbuatı bunu "oğurluq" kimi qələmə verməyə çalışıb.
Qeyd edək ki, müəllifinin erməni olmasına baxmayaraq "Biz və bizim dağlar" abidəsi də Azərbaycan ərazisində ucaldılan digər abidələr kimi Azərbaycana məxsusdur.
Tətbiqimizi yükləyə bilərsiniz