
Bu ilin ilk 11 ayı ərzində xarici ölkələrə 1 milyard 532 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac olunub. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon dollar və ya 10,5 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3 milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 11 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 22%, Qazaxıstana 42% artıb, İsveçrəyə 8%, Gürcüstana isə 3% azalıb.
2018-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,2 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,2 milyon dollar) ikinci olub. Xurma isə (89,1 milyon dollar) bu siyahıda üçüncü yerdə qərarlaşıb.
Bu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (45,2 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,5 milyon dollar) isə ikinci olub. Bu siyahıda pomidor (12,3 milyon dollar) isə üçüncü yeri tutub.