Cəbhədə "atəş aç" əmrini kim verib? - Ağdam sakininin yaralanmasının təfərrüatı


"Təxminən iki aydır cəbhə bölgəsində atəşkəsə riayət olunur. Bu sakitlik Ermənistanın baş naziri Nikol Paşinyana imkan verdi ki, parlament seçkisini rahat keçirib qələbə əldə etsin. Bəs necə oldu ki, separatçılar dünən qəfil atəş açaraq Ağdamın yaşlı sakinini yaraladılar?". Yeniavaz.com xəbər verir ki, bu suala politoloq Elxan Şahinoğlu belə cavab verib.

"Atəşkəsin pozulması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab vermir. Ümumiyyətlə, cəbhə bölgəsindəki istənilən gərginlik Paşinyanın mövqelərinə zərbədir, erməni hərbçilərinin itkisi isə onun reytinqinə mənfi təsir edəcək. Bəs onda “atəş aç” əmrini hansı qüvvələr verib və verəcək?

Ermənistanda “Qarabağ klanı” 20 il hakimiyyətdə oldu, bu klan həm Dağlıq Qarabağdakı separatçılara, həm də Ermənistan hakimiyyətinə nəzarət edirdi. Ona görə də bu klanın istəyi xaricində Dağlıq Qarabağda heç nə baş verə bilməzdi. İndi isə durum fərqlidir. Dağlıq Qarabağdakı separatçılar sözdə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın istəklərinə tabe olsalar da, əməldə onun vəziyyətini gərginləşdirə biləcək addımlardan çəkinməyəcəklər. Dağlıq Qarabağdakı separatçılar Paşinyanın mövqelərini zəiflətmək üçün fürsət axtarırlar. Separatçılara İrəvan deyil, Robert Köçəryan və Rusiyadakı siyasi-hərbi mərkəzlər təsir edir. Elə dünənki insidentin müəllifləri də onlardır. Ancaq bizim üçün fərqi yoxdur. Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmirsə, bu onun problemidir, bizim vəzifəmiz isə atəşkəsi pozan separatçıları susdurmaq və düşmənin itkilərini artırmaqdır",-deyə politoloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top