Qazi Qoşqar Hacıyevin ailəsi nazirlə görüşə bilmir - "Dedilər filan gün gəlin, gedib gördük ki..."


"Müdafiə naziri Zakir Həsənovun qəbuluna yazılmışdıq, amma görüşə bilmədik". Bu fikirləri Yeniavaz.com saytına açıqlamasında 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan "N" saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Qoşqar Hacıyevin qardaşı İlqar Hacıyev deyib.
Onun sözlərinə görə, anası ilə birgə nazirin qəbuluna yazılmasına baxmayaraq, istəklərinə nail ola bilməyiblər: "Bizi nazirin köməkçisi Kərim Vəliyevin köməkçisi Qurban İsmayılov qəbul etdi. Dedi ki, nazirin adından anamı və məni o qəbul edir. Q. İsmayılov dedi ki, qaldırdığınız məsələ ilə bağlı nazirə məruzə edəcəyik, sizinlə 2-3 gün ərzində əlaqə saxlanılacaq. Amma 2 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, heç bir xəbər yoxdur".

İ. Hacıyevin sözlərinə görə, belə olacağını əvvəlcədən təxmin edib: "Mən Qurban İsmayılova da dedim ki, axı biz nazirin qəbuluna yazılmışıq, sizinlə niyə görüşürük? Dedim axı bura yazılıb ki, "cənab nazirin aylıq qəbul günləri"? Bizi K. Vəliyevin köməkçisinin köməkçisi qəbul edəcəkdisə, onda bura elə yazardınız. Yazılsaydı ki, nazirin köməkçilərinin qəbulu, heç bura gəlməyə ehtiyac yox idi, onsuz da sizinlə başqa vaxt da görüşə bilərik. Heç olmasa bir nəfər general otura bilmir qəbulda?
Qurban İsmayılov anamı və məni inandırmağa çalışdı ki, qaldırdığımız məsələ cənab nazir Zakir Həsənova çatdırılacaq. Biz qəbula ona görə getmişdik ki, Qoşqar Hacıyevin fəxri adla təltif edilməsini xahiş edək. Hələlik heç bir xəbər yoxdur".
Qardaşı Qoşqar Hacıyevin səhhətində dəyişiklik olmadığını da bildirib: "Həmişəki kimidir. Yenə qızdırması olur, 2-3 gündür sudurğası tutur. Amma müalicə davam etdirilir, inşallah, hər şey yaxşı olar".
Qeyd edək ki, Qoşqara qulluq məqsədi ilə onun anası və qardaşı İlqar Hacıyev Bakıda kirayədə qalırlar. Onların ilk aylarının kirayə pulunu millət vəkili Qənirə Paşayeva ödəmişdi.
Qənirə xanım bu yaxınlarda əməliyyat olunduğu üçün İlqar Hacıyev narahat idi ki, kirayə pulunun ödənməsində problem yarana bilər. Odur ki, ondan vəziyyətin nə yerdə olduğunu soruşduq: "Ev kirayəsi ilə bağlı hörmətli millət vəkilimiz Qənirə Paşayeva ilə əlaqə saxladıq. Dedilər narahat olmayın, ödənişə köməklik edəcəyik. Millət vəkili Aydın Mirzəzadə ilə də əlaqə saxladıq. Sağ olsun, Aydın müəllim, anamın bir işinə çox köməkliyi dəymişdi. Dedi ki, hazırda evdə xəstədir, əməliyyat olunub. Ev sahibi gəlmişdi ki, kirayə pulu vermirsinizsə, evdən çıxın. Ona dedim ki, narahat olma, yaxın vaxtlarda Qənirə xanım kirayə pulunun ödənməsinə köməklik edəcək. Allah ondan razı olsun".

DİGƏR XƏBƏRLƏR

Top