
“Yol Patrul Xidmətinin avtomobilinin yanması çox ciddi siqnal olmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov özünün "facebook" profilində yazıb. O, qeyd edib ki, bu şəraitdə belə avtomobilin yanması böyük ehtimalla yalnız elektrik şəbəkəsindəki problemdən ola bilər: “Bu isə o deməkdir ki, avtomobilin elektrik şəbəkəsinə naşı müdaxilə olub. Yollarda hərdən qarşımıza radiator barmaqlığı arxasında sayrışan işıq qoyulmuş patrul avtomobilləri çıxır. Bax, problem də budur. Həmin işıqlar standartda yoxdur deyə, onu zavodda qoymurlar. Sonradan qoyanda isə hansı naqil seçilir, birləşmələr necə olur, məlum deyil. Belə işin naşı icrası isə yolun ortasında avtomobilin alışmasına gətirib çıxara bilər. Yaxşı olar ki, bu hadisədən sonra bütün patrul avtomobilləri yoxlanılsın. Belə əlavələrin (işıqlar, səs siqnalı, adi işıq cihazlarına uyğun gəlməyən lampaların qoyulması və s.) hamısı aradan qaldırılsın. Avtomobillərdə yalnız standarta uyğun xüsusi işıq və səs siqnalları saxlanılsın”.
Tətbiqimizi yükləyə bilərsiniz