Yeni icra başçısı: "Heç kim sahibkarlara süni maneə yarada bilməz"


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sahibkarlarla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, görüşdə çıxış edən icra başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bəhrələrindən danışıb.
O, qeyd edib ki, ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar hesabına saysız-hesabsız sahibkarlıq subyektləri yaradılıb, istehsal müəssisələri tikilib istifadəyə verilib, yeni iş yerləri açılıb.
Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edib: “Bizim də qarşımızda olan vəzifələrdən biri şəhərə iş adamlarını cəlb etmək, turizm və sənaye potensialını inkişaf etdirməkdir və yaxşı layihələri biz də şəhər rəhbəri olaraq reallaşdırmağa hazırıq. Şəhərdə sahibkarların işinə heç bir müdaxilə ola bilməz, layihələrini maneəsiz həyata keçirə bilərlər. Amma bu, qanun çərçivəsində olmalıdır”.
Görüşdə çıxış edən sahibkarlar bildirib ki, son 3 ildə sahibkarlıq fəaliyyətində ən məhsuldar iş olub. Lakin bəzi problemlər də yaşanıb. Çıxış edən sahibkarların  əksəriyyəti qaz təsərrüfatından şikayətçi oldular. Bəzi sahibkarlar elektrik enerjisi ilə bağlı problemi dilə gətirərək qeyd ediblər ki, işıqda yaranan problem ən müasir aparaturaların sıradan çıxmasına səbəb olub.
Sahibkarlar şəhərin inkişafında torpaqla bağlı məhdudiyyətin olduğunu da vurğulayıblar. Əmlak Komitəsindən şikayət edən bir sahibkar isə onun işində problem yarandığını bildirib.
Digər bir neçə sahibkar təkliflə çıxış edib. Bütün problemləri dinləyən başçı sahibkarlara bildirib ki, qarşıya çıxan hər hansı bir maneələr aradan qaldırılacaq.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top