"Dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir"


Bu gün qızlar üçün qapalı heç bir peşə yoxdur. Ailə, bu barədə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitənin fəaliyyəti haqqında illik hesabata dair çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızların sayı artmaqdadır:

“Tədqiqatların analizi də onu göstərir ki, qızlarımız dövlət sektorunda işləmək arzusundadır. Statistik rəqəmlər təsdiq edir ki, qadınların 30 faizi dövlət, 70 faizə qədəri isə özəl sektorda işləyir. Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar.

Bizdə belə bir praktika var. Dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə, qadınların bu və ya digər sahələrdə saylarının artmasına nail olunur. Məsələn, Gömrük Komitəsində ikinci dəfədir ki, belə bir imtahan keçirilir”.

Komitə sədri bildirib ki, artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20 faizə qədər yüksəlib:

“Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq. Bu prosesi davam etdirəcəyik, digər dövlət qurumlarında da belə bir imtahan testləri aparmaq niyyətindəyik. Artıq hamı tərəfindən qəbul edilib ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur.

Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Bildiyiniz kimi, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların İcra Hakimiyyətləri yanında monitorinq qrupları yaratmışıq”.

“Əfsuslar olsun ki, bu gün biz dünyada ailələrin sayının azaldığını müşahidə edirik. Bir çox ölkələrdə isə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. Belə ki, dünyada son 53 ildə boşanmaların sayı iki dəfə artıb, nikahların sayı da bir o qədər azalıb. Biz bu gün ətrafda nə görürük? Ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır. Nəticədə, ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır. 

Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribanlıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. 

Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. 

Və bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini ötüb. Bu gün Azərbaycanda iki milyon yüz mindən çox ailə vardır. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var. Lakin qeyd etməliyəm ki, bir çox problemlər hələ də qalır”, - deyə Hicran Hüseynova qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top