
Bakıda tükürpədici qətl hadisəsi törədilib. Belə ki, Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakinləri olan 2 tələbə arasında baş verən mübahisə birinin qətli ilə nəticələnib.
Belə ki, paytaxtın Nərimanov rayonu, Atatürk prospekti, ev 2 a-nın qarşısında 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Nəticədə Rauf Murğuzov Elman Xəlilovu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Mərhumun yaxın qohumu Valeh Əmirov Yeniavaz.com saytına açıqlamasında baş verənləri belə şərh edib: "Qətlə yetirilən Elman Xəlilov 4 bacının tək qardaşı idi. Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin 2-ci kursunda təhsil alırdı. Ağıllı, savadlı bir gənc idi. Heç kimlə işi olmayan, mehriban bir oğlan idi. Onların arasında hər hansı bir problemin olması barədə nə isə eşitməmişik. Dağ Kəsəməndə eyni orta məktəbdə oxuyublar, münasibətləri də yaxşı olub. Hadisənin nə üstündə baş verməsi dəqiq bilinmir, polislər araşdırma aparır".

V. Əmirov mərhumun anası ilə birgə Bakıda kirayədə yaşadığını bildirib: "Atası rayonda tanınmış maşın ustasıdır. Elman əvvəl Bakıda bizdə qalırdı, sonra anası paytaxta gəldi, birgə ev tutdular, orada qaldılar. Anası rayondan Bakıya təzəcə gəlmişdi. Elman dərslərini yaxşı oxuyurdu, fakültənin ən yaxşı tələbələrindən biri idi. Spirtli içki içmirdi, siqaret çəkmirdi. Hadisəni eşidəndə biz də şok keçirdik. Bizə gecə saat 11-də rayondan bacanağım zəng vurub xəbər verdi. Eşitdik ki, yaralını ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya aparıblar, istədik ora gedək, qohumlar dedilər artıq gecdir, meyiti rayona aparırıq".

Mərhum artıq öz kəndində dəfn olunub, yas məclisi də Dağkəsəmən kəndindədir.
Hadisəni törədən Rauf Murğuzov saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz