İl sonu sayğaca diqqət edin - "Azəriqaz" limiti keçənlərdən PUL QAZANIR - XƏBƏRDARLIQ


Məlum olduğu kimi, hər il mavi yanacaqdan istifadə edən vətəndaşlar üçün limiti keçənədək qazın hər kubmetri 10 qəpikdən, limiti keçəndən sonra isə 20 qəpikdən hesablanır.
Bəs limiti keçən vətəndaşların ilin sonunda sayğacın balansına yüklədikləri məbləğin qalığı yeni ilə keçdikdən sonra necə hesablanır?
Məsələ ilə bağlı Yeniavaz.com saytı "Azəriqaz" İstehsalat Birliyindən və ekspertdən münasibət öyrənib.
"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev mövzu ilə bağlı sualımıza belə cavab verib: "Tarif Şurasının qərarına əsasən, ötən illərdə olduğu kimi, 2019-cu il yanvar ayının 1-dən etibarən 1700 kubmetr qazın dəyəri hər kubmetri 10 qəpikdən olmaqla, ondan artıq işlədilən hər kubmetr qazın dəyəri isə 20 qəpikdən olmaqla hesablanır. Qalıq məbləği çıxmaq şərti ilə, vətəndaşın növbəti ildə ilk apardığı ödənişdən etibarən qazın hər kubmetri 10 qəpikdən hesablanacaq. Dəxli yoxdur vətəndaş qaz sayğacına məbləği yanvarda və ya martda eləsin - nə vaxt ilkin ödəniş elədi, 10 qəpikdən hesablanacaq". 
Tanınmış ekspert Natiq Cəfərli isə Yeniavaz.com-a açıqlamasında bunun ədalətli yanaşma olmadığını deyir: Bununla bağlı o zaman - limit məsələsi tətbiq edilməyə başlarkən də dəfələrlə mətbuat vasitəsi ilə rəsmi qurumlara müraciətlər etmişdik. Bildirmişdik ki, sayğaclarda yeni proqramlaşdırmaya ehtiyac var. Limit məsələsini gündəmə gətirilirsə və hökumət belə hesablamaları aparırsa, bu zaman vətəndaşın maraqlarını nəzərə alaraq yeni proqramlaşdırma tətbiq edilməli idi. İndiki qaz sayğacları vəsaiti hesablayır, istifadə olunan qazın həcmini yox. Ona görə də istifadə olunan qazın həcmini sayğaca yüklənən vəsaitdən çıxır. Bu zaman kazuslar - dolaşıq vəziyyət yaranır və limiti ötən vətəndaşın qaz sayğacının balansında qalmış məbləğ yeni ildə vətəndaşın ziyanına olaraq hesablanır". 
""Azəriqaz" o zaman açıqlama vermişdi ki, vətəndaş özü nəzarət eləsin. Vəsaiti yükləyərkən elə hesablamalar aparsın ki, özünə ziyan olmasın. Yəni sayğaca yeni il qabağı çox vəsait yükləməklə özünü ziyana salmasın. Amma bu doğru yanaşma deyil, bunun qeydinə vətəndaş qalmalı deyil. Rəsmi qurumlar, o cümlədən "Azəriqaz" özü sayğaclara elə bir proqramlama yükləməli idi ki, bu problem yaşanmasın",-deyə Natiq Cəfərli vurğulayıb.
Ekspertin sözlərinə görə, bunu düzəltmək "Azəriqaz"ın borcudur: "Bu proqramlar sayğaca pulsuz yüklənməlidir. Çünki satıcı "Azəriqaz"dır, öz malını satır, satıcı qismində çıxış edir, ona görə də sayğacların proqramlaşdırmasını həyata keçirməli idi. Bu, əslində çox çətin bir məsələ deyil. "Azəriqaz" bu proqramlaşdırmanın həyata keçirilməsi vasitəsi ilə vətəndaşa dəyə biləcək ziyanı önləyə bilərdi. Sadəcə, bununla məşğul olmaq istəmədilər, "Azəriqaz" əlavə vəsait xərcləmək istəmədi. Nəticə olaraq əsas yük - hesablamaların ziyanlı tərəfi vətəndaşın çiynində qalır. Bu doğru yanaşma deyil, bunu düzəltmək "Azəriqaz"ın borcudur. Sayğacların yenidən proqramlaşdırılmasına, elə bir proqramın yazılmasına ehtiyac var ki, belə kazuslu, dolaşıq, vətəndaşların ziyanına olan vəziyyətlər yaranmasın".

DİGƏR XƏBƏRLƏR

Top