Yeni icra başçısı: "Məsuliyyətinizi dərk edin, problemi gizlətməyin"


"Mingəçevir şəhərinin daxili nəqliyyat hərəkəti tənzimlənməlidir". Yeniavaz.com xəbər verir ki, bu sözləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müxtəlif sahələr üzrə şəhər sakinlərinə xidmət edən idarələrin rəhbərləri ilə görüş zamanı bildirib. Başçı xidməti rəhbərlərə öz tapşırıq və tövsiyələrini verib: "Biz əhaliyə dayanıqlı, keyfiyyətli, normal xidmət göstərməliyik. Bu, cənab Prezidentin birinci dərəcəli tapşırığıdır. Şəhərdə müxtəlif sahələr üzrə xeyli işlər görülüb. Parklar, xiyabanlar salınıb və bu işlər davamlı olacaq. Lakin buna baxmayaraq, problemlər qalmaqdadır. Şəhərin su-kanalizasiya xətlərində aparılan işlər hələ başa çatmayıb. Podratçı təşkilatlar işlərinə məsuliyyətlə yanaşmalıdılar. Əgər qaz, işıq su idarələri qəza ilə bağlı qazın, suyun, işığın verilişini dayandırarsa, əvvəlcədən əhaliyə xəbərdarlıq edilməlidir. Qış fəsli olduğundan kommunal xidmətlərdə yaranan fasilələr aradan qaldırılsın. Şəhərdə aparılan qazıntı işləri insanlar üçün problemlər yaradır. Dərhal bu kimi problemlərin qarşısı alınmalıdır. Şəhərin bazar ətrafında nəqliyyatın vəziyyəti bərbaddır. Şəhərin taksi xidməti, 8 saylı xətt üzrə hərəkət edən marşrutları bərbad vəziyyətdədir. Bunlar həm ekologiyaya, həm də yol infrastrukturuna ziyan vururlar. Nəqliyyat, ekologiya, yol polisi rəhbərləri bu yaranan problemi aradan qaldırsınlar. Şəhərdə sahibsiz itlər zərərsizləşdirilsin. Hər biriniz tutduğunuz vəzifənin məsuliyyətini dərk edərək yaranan problemi gizlətməyin. Əgər sizin mərkəzi qurumla probleminiz olarsa, bizə bildirin. Şəhərin yaşıllığı qorunmalıdır. Şəhərin suvarılma suyu ilə bağlı işlər görülür. Yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq".
Görüşdə kommunal idmət rəhbərləri də onları narahat edən problemlərdən söz açıblar. Aradan qaldırılması, həlli vacib olan məsələlərə aydınlıq gətirilib. Sonda başçı bir daha öz tapşırıq və tövsiyələrini bildirib və qeyd edib ki, bu sayaq görüşlər davamlı olacaq.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top