Deputat: "Azərbaycan yüksək standartlı benzin ixrac edə bilər"


"Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin belə bir gündə istifadəyə verilməsi Dövlət Neft Şirkəti rəhbərliyinin Prezident İlham Əliyevin qarşıdan gələn ad gününə ən yaxşı hədiyyəsidir".
Bu fikirləri Azərbaycanın sabiq Baş nazirinin birinci müavini, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib. 
Vahid Əhmədov deyib ki, bu layihə çox böyük əhəmiyyətə malikdir:
"Bu müəssisənin açılışı çox vacib əhəmiyyət daşıyır. Çünki Azərbaycanda bitum istehsalı ilə bağlı çatışmazlıq var idi. İndi bu qurğu istifadəyə verildiyi üçün artıq Azərbaycanda asfalt çəkilişi ilə bağlı heç bir problem olmayacaq. Digər tərəfdən isə bu müəssisə maye qaz və benzin istehsalı ilə əlaqədar mühim rol oynayır. Bilirsiniz ki, "Ağ şəhər" adlanan ərazidə mövcud olan köhnə neft-yağ müəssisələri başqa əraziyə köçürülməlidir. Bunun üçün də böyük ərazi lazımdır. Digər tərəfdən isə artıq "avro 5" standrtlarına keçid nəzərdə tutulur. Gələcəkdə "Aİ 92", "Aİ 95" və "Aİ 98" benzinlərinin istehsalı da planlaşdırıldığı üçün bu cür müasir qurğuların olması vacibdir. Bu cür müəssisələrin açılması həm də Bakı şəhərinin ekologiyasının qorunmasına müsbət təsir göstərir".
Deputat qeyd edib ki, sözügedən müəssisə Azərbaycanın maye qaz emalına da müsbət təsir göstərəcək:
"Hesab edirəm ki, Azərbaycanda 2018-ci ildə görülən ən böyük işlərdən biri məhz budur. Bu müəssisə Azərbaycanın ixrac potensialı üçün də vacib əhəmiyyət daşıyır. Ola bilsin ki, yaxın gələcəkdə Azərbaycan yüksək standartlı benzin və maye qaz ixrac etsin. Bütövlükdə mən bunu müsbət hadisə hesab edirəm".
(ölkə.az)

DİGƏR XƏBƏRLƏR

Top