Sahibkarlar üçün daha bir yenilik - Bu dəfə bank hesabları ilə bağlı


Vergi Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilən sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır. Yeniavaz.com "Vergilər" qəzetinə istinadən bildirir ki, əvvəllər Vergi Məcəlləsinə və vergi borclarının alınmasına dair qaydalara əsasən, vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulan sərəncamın icrası dayandırılırdı. İndiki halda isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılacaq və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq müraciət təmin ediləcək. Bunun nəticəsində vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.
Qeyd olunur ki, dəyişikliyin məqsədi sahibkarların hüquqlarının genişləndirilməsi, vergi qərarlarının inzibati qaydada mübahisələndirilməsi zamanı sahibkarın pul vəsaitlərinin toxunulmazlığının təmin edilməsi, apelyasiya institutunun səmərəliliyinin artırılmasıdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi əlavə hüquq əldə etmiş olur. Dəyişiklik bütün vergi ödəyicilərinə ünvanlanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top