Qohumlarına vəzifə verilən məmurlar, tanınmışlar - SİYAHI


Yola salmağa hazırlaşdığımız 2018-ci il bir sıra diqqətçəkən məqamlarla yadda qaldı. Bu il vəzifəyə təyin edilən, işdən çıxarılan da az olmadı. 2018-ci ildə vəzifə verilən şəxslər arasında məmurların, tanınmışların qohumları olanlar da var. Yeniavaz.com saytı mətbuatda yazılanlar əsasında onların siyahısını təqdim edir.


- Bu il Elşən Vəliyev Ukraynanın Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilib. E. Vəliyev Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin oğlu, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı oğludur.
 
- 2018-ci ildə məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib. A. Cavanşirov Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
 
- Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Rövşən Eyyubovun prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğlu olduğu bildirilir.
 
- Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğluna da yüksək vəzifə verilib. Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri təyin edilib.
 
- Keçmiş Baş prokuror Əli Ömərovun qardaşı Dilqəm Ömərov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədri təyin olunub.
 
- Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
 
- Bu il Fuad Əlizadə Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə rəis təyin edilib. O, keçmiş nazir Səlim Müslümovun dayısının kürəkənidir.
 
- Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov Xaçmaz Gömrük İdarəsinə rəis təyin edilib. Pərviz Rəhimov azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun qohumudur.
 
- Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qızı Günel Rzayeva Bakı Kitab Mərkəzinin direktoru təyin edilib.
 
- Amaliya Pənahovanın qızı Aynur Muxtarova Bakı Bələdiyyə Teatrının direktoru vəzifəsinə təyin edilib.
 
- Baba Hacı-Baba oğlu Salayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib. Baba Salayev millət vəkili Hacı Salayevin qardaşıdır.
 
- Bu il Ceyran Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. Musiqişünas Ceyran Mahmudova mərhum bəstəkar Emin Sabitoğlunun qızıdır.
 
- 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.

DİGƏR XƏBƏRLƏR

Top