Xarici ölkələrə neft, təbii qaz və elektrik enerjisini neçəyə satırıq?


Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 14 milyard 621 milyon dollar dəyərində 27,1 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 81,6%-ni təşkil edib.
Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində təxminən 62,1% və ya 5,9 milyard dollar, miqdar ifadəsində isə 9,8% və ya 2,42 milyon ton artıb.
Açıqlanan rəqəmlərə istinadən apardığımız hesablama göstərir ki, ixrac olunan xam neftin 1 litrinin gömrük dəyəri 54 sent (92 qəpik), təbii qazın 1 kubmetrinin dəyəri 19,5 sent (33 qəpik), elektrik enerjisinin 1 kVt/saatının gömrük dəyəri isə 4,7 sent (8 qəpik) olub.    
Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 1 milyard 256,1 milyon dollar təşkil edib. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 481 milyon dollara bərabər olub.
İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir.
2018-ci ilin ilk 11 ayı ərzində xarici ölkələrə 495 milyon dollar dəyərində meyvə-tərəvəz, 106,6 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 110,3 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 78,9 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 23,2 milyon dollarlıq şəkər, 73,3 milyon dollarlıq kimya sinayesi məhsulları, 64,9 milyon dollarlıq elektrik enerjisi, 21,7 milyon dollarlıq pambıq iplik satılıb.
Onu da qeyd edək ki, bu il pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 11 ayı ərzində xarici ölkələrə 70,8 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top