Qarabağ qazisi Qoşqar Hacıyevin qardaşından sərt ittihamlar - MÜSAHİBƏ+VİDEO


2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan "N" saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Hacıyev Qoşqar Zahid oğlunun vəziyyəti getdikcə yaxşılaşmaqdadır. Bu barədə onun qardaşı İlqar Hacıyev Yeniavaz.com saytının suallarını cavablandırarkən bildirib.

İ. Hacıyev qardaşının müalicəsi ilə bağlı onu narahat edən məsələlərlə bağlı da danışıb. İlqar Hacıyevlə müsahibəni təqdim edirik.

- Hazırda qardaşınız hansı xəstəxanadadır?
- Qoşqar hazırda reanimasiyadadır. Bakıda "Ege" hospitalındadır. Müalicəsi davam etdirilir. Şükür olsun, komadan çıxıb, gözünü açıb. 

- Qardaşınız danışılanları eşidirmi, reaksiya verirmi?
- Eşidir, amma reaksiyası zəifdir. Allahın bu gününə şükür, komadan ayılıb, bəzi təhlükəli vəziyyətləri keçib. Ancaq təhlükə müəyyən qədər qalır, elə ona görə də reanimasiyadadır.
- Həkimlər Qoşqarın müalicəsi ilə bağlı nə deyir, nə düşünürlər?
- Bir müddət də keçsin, başının qapağının çıxarılması ilə bağlı əməliyyat etməyi planlaşdırırlar. Hazırda reanimasiyada olduğu üçün gözləyirlər, palataya köçürüləndən sonra bu barədə dəqiq qərar verilə bilər.

- Qoşqarın müalicəsi niyə Türkiyədə davam etdirilmədi?
- Qoşqar təxminən 1 ay 10 gündür, yəni komaya düşdüyü gündən reanimasiyadadır. Allah iş adamı Mübariz Mənsimovun canını sağ eləsin, şəxsi təyyarəsini qardaşımı Türkiyəyə aparmaq üçün təklif etmişdi. Ancaq qardaşımın aparılması üçün mülki yox, ambulans təyyarəsi lazım olduğu üçün alınmadı. "Gülhanə"də çalışan 2 həkim burdadır, "Ege" hospitalında qardaşımın müalicəsi üçün əllərindən gələni edirlər, onların nəzarəti altındadır.

- Qoşqarın vəziyyətinin dövlət səviyyəsində nəzarətə götürülməsi ilə bağlı mətbuatda məlumat yayılmışdı...
- Mən cənab Prezidentə müraciət etmişdim, bununla bağlı əmr və tapşırıqlar da verildi, icra olunmasını gözləyirik. Müdafiə Nazirliyi ilə bağlı bəzi məsələlər var ki, hələ də həll olunmayıb. Qənirə Paşayevanın bizə verdiyi məlumata görə, Mehriban xanım birbaşa öz üzərinə götürüb, onun nəzarətindədir.

- "Ege" hospitalına Qoşqarın müalicəsi üçün indiyədək ödəniş etmisinizmi?
- Xəstəxana rəhbərliyi sağ olsun, mən qardaşımı ora apardığım ilk gündən bizdən pul almadılar. Birinci gündən xəstəxana rəhbərliyi bizə dedi ki, “heç nə lazım deyil, artıqlaması ilə qardaşına nə lazımdırsa, xidmət göstəriləcək, o barədə heç bir narahatlığınız olmasın”. Mehriban xanıma məlumat çatandan sonra öz üzərinə götürdü, cənab Prezident də tapşırıqlarını verdi ki, Qoşqar Hacıyevlə bağlı bütün tələblər yerinə yetirilsin, hər bir şeylə təmin olunsun.
Təmin olunma ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmişəm, cavablarını gözləyirəm.

- Müraciətinizdə nə xahiş etmisiniz?
- Ümumilikdə bir neçə nazirliyə müraciət ünvanlamışam. Müdafiə Nazirliyinə qardaşımın fəxri adlarla təmin olunması və rütbə dərəcəsi verilməsi üçün müraciət etmişəm. Biz o vaxt Türkiyəyə gedən zaman korpusdan demişdilər ki, narahat olmayın, nə lazımdırsa, sənədlərinə tikilib göndərilib nazirliyə. Sonra gəldim Müdafiə Nazirliyinə, dedilər bizə heç bir sənəd göndərilməyib. Bildirdilər ki, Qoşqar Hacıyev artıq tərxis olub, biz heç nə edə bilmərik. Dedim axı bu hərbi yaralıdır, mülki yaralı deyil ki, gedim Səhiyyə Nazirliyindən tələb edim? Hətta onu hərbi hospitala aparanda belə söz-söhbət olmuşdu. Hospitala xoşluqla qəbul etməyiblər. Axı mənim qardaşım hərbi yaralı idi, sən mənə onu sağaldıb vermişdinmi, sonra deyirsən ki, bu mülkidir, necə qəbul edək?

- Bəs Sə­hiy­yə Na­zir­li­yi­nə nə ilə bağlı müraciət etmisiniz?
- Qardaşımın bu xəstəxanadan çıxandan sonra xaricdə müalicəsi ilə bağlı yazmışam. Harda dərdinə dərman varsa - ya Almaniyaya, ya Türkiyəyə, ya İsrailə, ya da müalicəsinin mümkün olduğu hansısa bir yerə aparılmasını istəyərdik.

- Bakıda qalmağa eviniz varmı, yoxsa qohum evindəsiniz?
- Qardaşımın vəziyyəti ilə əlaqədar biz hazırda Bakıda kirayədə qalırıq. Vəziyyətimiz məlumdur, mən də işləmirəm, anam da. Evin kirayə haqqını Qənirə Paşayeva öz üzərinə götürmüşdü. Qənirə xanımın səhhətində problem yaranıb, əməliyyat olunduğu üçün bu ayın kirayə pulu hələ ödənməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətimdə qardaşımın Bakıda evlə təmin olunmasını xahiş etmişəm.
Ərizə yazmışam, gözləyirəm cavab verilsin. Əgər olmasa, yığacam bütün jurnalistləri Müdafiə Nazirliyinin qarşısına.
Qardaşımın sənədinə yazılıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və müdafiəsi zamanı yaralanıb. Qoşqarın xidmət yoldaşlarını danışdırsınlar, onlar hər şeyi deyəcəklər.
Qoşqar cəbhədə gözündən vurulub, 2 snayper gülləsi ilə başından vurulub, yaralı-yaralı 4 erməni öldürüb, əmrlə, təsdiqlə. Son gülləsinə qədər atıb. Hazırda bu vəziyyətdədir, kimdən ötrü - Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün. Türkiyədə qazi deyildisə, kifayət edir, istəyərdik ki, bizdə də elə olsun.

- Sosial şəbəkədə Qoşqar Hacıyevlə bağlı paylaşımlara insanlar çox həssaslıq nümayiş etdirirlər, bəs ziyarətə gələnlər olurmu?
- Sadə vətəndaşlar sağ olsunlar, eşidən-bilən gəlib-gedir, zəng edir, maraqlanır, dəstəyini bildirir. Çox sağ olsunlar, o barədə mənim millətimdən heç bir şikayətim yoxdur. Gəncədən, Ağstafadan, digər rayonlardan nə qədər insanlar gəlirlər. Xaricdən Azərbaycana gələrkən öz ailəsinin yanına getməmişdən öncə Qoşqarı ziyarət edib, sonra evinə gedənlər var.

- Bəs yüksək rütbəlilərdən?
- Dövlət qulluqçularından, yüksək rütbəli zabitlərdən heç kimi görməmişəm ki, gəlsin qardaşımın yanında dayansın, desin mən gəlmişəm. Türkiyədə olanda 1 dəfə Kərim Vəliyev, Hikmət Həsənov, bir də Vasif Ağayev var, o gəlmişdi. Lakin Azərbaycana gələndən sonra heç biri gəlib ziyarət etməyib. Onlarınkı odur ki, 2 polkovnik çıxsın efirə, başlasınlar danışmağa. Həmin o danışdıqlarını da məndən soruşublar, hazırda telefonumda səs yazıları da qalır.

- Söhbət nədən gedir?
- Efirə çıxmamışdan 2 gün qabaq məndən Qoşqarın harda olduğunu, müalicəsinin nə yerdə qaldığını, kimlərin nə dediyini soruşdular. Həmin məlumatları da çıxıb efirdə dedilər, guya bunların nəzarəti altındadır. Mirşahin onda niyə sual vermirdi ki, bu insan hansı vəziyyətdə çıxdı hərbi hospitaldan? Niyə çıxdı, səbəb nə idi?

- Onda biz soruşaq - səbəb nə idi?
- Çünki baxılmırdı, mən Müdafiə Nazirliyinə 11 ərizə yazmışdım. 3 ərizəmdə qardaşımın vəziyyəti ilə bağlı xahiş xarakterli müraciət etmişdim. Sonradan yazmışdım ki, qurban olum, kömək edin, Qoşqar ölür. Niyə baxılmadı? Mənə dedikləri bir söz var idi - gözləyin. Qardaşım 13 gün idi komadaydı, mənə deyirdilər "gözlə, komaya niyə düşüb bilinmir".
Qardaşım komaya düşməmişdən qabaq əlamətləri var idi, bir gün qızdırması qalxırdı, bir gün təzyiqi olurdu, yəni vəziyyətində dəhşətli dərəcədə pisləşmə var idi. Hərbi hospitalda həkimə bildirdim ki, qardaşım komaya doğru gedir, mənə dedi "sən həkimsən?". Dedim mən həkim deyiləm, amma 2 ildən çoxdur qardaşıma qulluq edirəm, əlamatlərini bilirəm.
Qardaşım 13 gün komada qalanda dedim ki, niyə baxılmır, niyə bu gündədir?
13-cü gün sonra girdim reanimasiyada şəkillərini çəkdim. Əvvəl rəsmi şəkildə müraciət etdim, amma icazə verilmədi. Dedilər nə şəkillərini, nə də videosunu çəkmək olmaz.
İcazəsiz şəkillərini çəkib sosial mediada paylaşdım ki, baxın, qardaşım bu vəziyyətdədir.

- Paylaşımınızdan sonra reaksiya oldu?
- Qoşqarın reanimasiyadan fotosunu sosial şəbəkədə paylaşandan sonra getdim Prezident Aparatına. Sağ olsun, cənab Prezident səsimizə səs verdi, tapşırıq da verdi, Mehriban xanım da göstəriş verdi. Mən sosial şəbəkədə paylaşım edəndən sonra nazirlikdən hospitala polkovniklər gəlmişdi. Dedim yəqin qardaşıma görə gəliblər, sən demə, hospitalın reanimasiyasında şəkil çəkildiyi üçün gəliblərmiş. Dedim 13 gündür bu insan komadadır, bir foto çəkilməsi maraqlıdır sizə? Sakit durdular, heç nə demədilər.

- Açığı, biz sizə zəng vurarkən düşünürdük ki, Qoşqar Hacıyevin ümumi vəziyyəti ilə bağlı danışacaqsınız, problemlər olduğunu bilmirdik...
- Mən haqsız yerə, durduğu yerdə heç kimi günahlandırmaram. Qardaşımın haqqını heç kimə yedirtməyəcəyəm. Qardaşıma cəmi 500 manat pensiya kəsiblər. Müraciət etmişəm ki, yüksək pensiya ilə təmin olunsun. Mənə deyirlər 500 manatdan da çox? Qardaşımın aylıq xərci hamısı bir yerdə 420-430 manat edirdi. Bu adam pensiyadan qalan 80 manatla necə yaşamalıdır?

 

DİGƏR XƏBƏRLƏR

Top