Xətai rayonunda ağaclar bilərəkdən qurudulur? - İcra Hakimiyyətindən açıqlama


Bakının Xətai rayonu, Sarayevo küçəsi 55 ünvanında ağacların müəmmalı şəkildə quruması barədə məlumat vermişdik. Sakinlər saytımıza ərazidə ağacların qurumasından narahatlıqlarını bildirmiş, bunun məqsədli şəkildə edilə biləcəyindən şikayət etmişdilər.
"Kimlərsə ağacları qəsdən qurudurlar ki, kəssinlər, sonra öz işlərini görsünlər, obyekt tiksinlər. O biri tərəfi də qurutdular, sonra tikdilər. Darısqallıq yaradırlar. Yolun ortasında obyekt tikilməz ki.",-deyə sakinlərdən biri vurğulamışdı.
Problemlə bağlı Yeniavaz.com saytı Xətai Rayon İcra Hakimiyyətindən münasibət öyrənib. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov saytımızda yayımlanan videodan xəbərdar olduqlarını bildirib: "Yeniavaz.com saytında yayımlanan həmin video barədə məlumatımız var, mənə də göndərdilər, baxdım. Çox sağ olun ki, belə bir informasiyanı vermisiniz. Yəqin fikir vermisiniz, həmin yerin kənarına səki formasında beton da tökmüşük. Orada yol da bərpa ediləcək. Başqa yerlərdə də görürsən ki, ağacların içərisində 2-3 dənəsi quruyur. Açığı, belə bir şey başımıza gəlib. Rayonun İnqilab İsmayılov küçəsində belə bir hadisə olmuşdu, təhlükəsizlik kameralarına baxandan sonra aydın olmuşdu ki, həqiqətən də kimsə ağaclara nə isə edib. Sizin qeyd etdiyiniz küçədə isə ağacların məqsədli şəkildə qurudulması, bunu kiminsə etməsi barədə ortada bir fakt yoxdur. Əlbəttə, vətəndaşlar baxır və görür ki, bir obyekt tikilib, deyir yəqin bunların hamısını belə edəcəklər. İcra Hakimiyyəti olaraq bizim həmin ərazidə ağacların məqsədli şəkildə qurudulması barədə məlumatımız yoxdur, hər hansı siqnal da daxil olmayıb. Əlbəttə, biz buna icazə vermərik".
"Xətai Rayon İcra Hakimiyyəti olaraq çalışırıq ki, həmin yaşıllıq zonalarına ciddi nəzarət edək. Bundan sonra da edəcəyik. Həmin ərazidə obyekt tikintisi ilə bağlı heç kimə icazə verilməyib. Heç bir icazə yoxdur. Bizim tərəfimizdən buna icazə verilməsi mümkün də deyil. Rayon ərazisində müxtəlif zonalarda yaşıllıq salırıqsa, niyə imkan yaratmalıyıq ki, o ağacları kimlərsə kəssin? Siz də çox sağ olun ki, belə bir informasiyanı vermisiniz",-deyə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top