Avropa Parlamentində erməniləri pərt edən qətnamə - QƏBUL OLUNDU - VİDEO


Avropa Parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edilib. Yeniavaz.com saytı Dövlət Televiziyasına istinadən xəbər verir ki, qətnamədə Avropa İttifaqının və İttifaqa üzv olan dövlətlərin regional münaqişələrə ikili yanaşmasını qadağan edən maddələr yer alıb. Erməni lobbisinin maraqlarına xidmət edən bəzi parlamenarilərin cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib. 
Avropa Parlamentinin Plenar sessiyasında Avropa İttifaqının Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair illik hesabatı müzakirə edilib. Müzakirələrdən sonra qəbul edilmiş qətnamədə ölkəmizin maraqlarına tam uyğun gələn bəndlər yer alıb. Belə ki, sözügedən sənəd Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edir. 
Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qurumun qəbul etdiyi qətnaməni yüksək qiymətləndirib: 
"Sənəddə bütün şərq tərəfdaşlığı ölkələrinin o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Bu ilki hesabatda təsdiq olunur ki, şərq tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Qətnamənin qəbul edilməsi onu göstərir ki, Avropada artıq Azərbaycanın haqq səsini eşidirlər. Bu Azərbaycan xarici siyasət idarəsinin və Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir. 
Qətnamədə yer alan digər vacib müddəa isə qaçqın və məcburi köçkünlərlə bağlıdır. Sənəddə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardımların edilməsini nəzərdə tutur. Avropalı parlamentarilər yekun qətnamənin obyektiv əsaslara söykəndiyini deyir". 
Avropa Parlamentinin üzvü Andrejs Mamikinis də bu qənaətdədir ki, indiyədək Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilib, amma bu sənəd artıq ikili standartları istisna edir:
"Bu olduqca vacib, Avropa İttifaqı üçün doktrina l sənəddir. Sənəddə münaqişə zonalarına eyni platformadan yanaşma nəzərdə tutulub. Əvvəllər Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdəki münaqişələrə eyni yanaşma sərgilənirdi, Azərbaycanla bağlı isə fərqli münasibət mövcud idi. Bu gün qəbul etdiyimiz yekun qətnamə belə ikili standarları istisna edir. Güman edirəm artıq Avropa Parlamentinin üzvləri Azərbaycanın region üçün daşıdığı əhəmiyyəti dərk edirlər. 
Avropa Parlamentinin üzvü Sayyad Kərim də qətnamənin qəbulunu və nəhayət beynəlxalq qurumların ikili standartlardan imtina etməyə başlamasını yüksək qiymətləndirir:
"Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər Avropa İttifaqı üçün prioritet məsələdir. Biz bu ölkələrə yanaşmada obyektiv olmalıyıq. Ölkələrə görə, onların problemlərinə fərqli münasibət göstərmək məqsədəuyğun deyil. Yekun qətnamə bu çatışmazlığı aradan qaldırır. Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə hörmət ifadə edilir. Fikrimcə, bu sənəd ikili standartlardan çıxş edən yanaşmalara son qoyacaq. 
Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi parlamentarilərin cəhdləri nəticəsiz qalıb. Belə ki, onlar qətnaməyə xalqların öz müqəddəratının təyin etməsilə bağlı maddənin daxil edilməsini təklif etsələr də təklif böyük səs çoxluğu ilə rədd edilib.
Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir".

DİGƏR XƏBƏRLƏR

Top