"Siyahı var, deyirlər bu filankəsin avtomobilidir, ona dəyməyin" - Hüquqşünasdan İTTİHAM


"Deməli, vaxtilə Dövlət Yol Polisinin tətbiq etdiyi taktikanı, indi Bakı Nəqliyyat Agentliyi (BNA) tətbiq edir. DYP yol kənarında dayanan yüzlərlə avtomobilin içərisindən ancaq "özgələri" seçib daşıyırdı. Hətta bir çox yerlərdə (Məslən, Bakı Apellyasiya Məhkəməsinin qarşısında) adam qoyurdular. "Özgə" gələn kimi xəbər verirdi, gəlib götürüb aparırdılar. Ənənə davam edir". Yeniavaz.com xəbər verir ki, bunu tanınmış hüquqşünas Sahib Məmmədov bildirib.

"İndi də BNA bunu olduğu kimi tətbiq edir. İndi şəhərdə vəziyyət lap pisləşib. BNA-nın "İmtiyazlı" sürücülər siyahısı daha genişlənib. Daxili İşlər Nazirliyinin mükəmməl şikayət mexanizmi var idi. Heç olmasa, ədalətsizlik olanda şikayət edirdik. Mən həmişə bu təşkilatın yaxşı işlərini təşviq edirəm. Bu halda isə tezliklə onlarla məhkəmədə rastlaşmalı olacağam",-deyə hüquqşünas vurğulayıb.
Hüquqşünasın bu paylaşımına BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev belə münasibət bildirib: "Xahiş edirəm, harda nə baş verdiyini qeyd edin, araşdıraq. Əgər qeyd etdiyiniz hallar varsa, təbii bu bizi də ciddi narahat etməlidir. Bu səbəbdən də xahiş edirəm, ətraflı məlumat verin, halı aradan qaldıraq",-deyə hüquqşünas vurğulayıb.
Sahib Məmmədov cəriməni ödədiklərini deyib: "Qanun bizə düz tətbiq olunub. Amma niyə 100 avtomobildən yalnız birinə? Gələn dəfə yaxşı bir məhkəmə təcrübəsi yaradacam. Selektiv yanaşma ayrıseçkilikdir. Nə vaxt qanunu hamıya bərabər tətbiq edəcəklər, onda zərər çəkəndə belə alqışlayacam. Oradan yalnız bir avtomobil daşınıb. Yolun hər iki tərəfində avtomobillər dayanıb. Söhbət Xəqani küçəsi 66 ünvanında gedir. Orda hər zaman yolun hər iki tərəfi (çox hallarda isə 3 sıra) avtomobil olur. Kim isə ofisdə işləyirsə, yaxud "Bravo" supermarketinin əməkdaşıdırsa, heç nə deyilmir. Əslində fərq qoyulmadan hamısı daşınmalıdır. Siyahı var, bu filankəsin avtomobilidir, ona dəyməyin. Əllərində gəzir BNA əməkdaşları.
Öz növbəsində Mais Ağayev deyib ki, təxliyyə məsələləri BNA-ya həvalə edilsə də, hələ bu səlahiyyətin icrasına başlamayıblar: "Bu səbəbdən sözügedən avtomobili kim hara, niyə aparıb, bununla bağlı hər hansı bir şərh verə bilmərəm. Digər bir tərəfdən, qeyd etməliyəm ki, əgər bir ünvanda dayanma və durma qadağandırsa, orda neçə avtomobilin olmasından asılı olmayaraq, hər birinin sürücüsünə qarşı eyni münasibət olacaq. BNA olaraq biz inzibati tədbir görən zaman sürücünün yerinin mötəbərlik dərəcəsini ölçmürük və bunu etmək kimi bir fikrimiz də yoxdur. Biz vətəndaşa dönərxanada işləyən mötəbər orqanda işləyən status ilə baxmırıq. BNA tərəfindən hazırda heç bir nəqliyyat vasitəsi təxliyyə edilmir. Bəli, bu səlahiyyət BNA-ya verilib, amma hazırda BNA bu səlahiyyətin icrasına başlamayıb".
Sahib Məmmədov deyib ki, daşıyanın BNA olması ilə bağlı məktub alıblar: "BNA-nın sektor müdiri cənab Süleymanov Orxan tərəfindən məktub almışıq. O imzasız məktubunda belə qeyd edib (aparıldığı ünvanı göstərmədən). Kimin aparması vacib deyil. Kim apartdırıb və kim inzibati protokol tərtib edib, əsas odur".
Daha sonra hüquqşünas S. Məmmədov məsələ ilə bağlı BNA rəsmisi Mais Ağayevin ona zəng vurduğunu deyib: "İctimai problemlə bağlı məsələyə operativ reaksiyaya görə təşəkkür edirəm. Ümid edirəm ki, BNA bundan sonra qərarı daha dəqiq yazacaq və rəsmən imzalayacaq. Məktubda göstərilir ki, avtomobil daşınıb. İndi isə məlum olur ki, daşınmayıb, sadəcə cərimə edilib".  

DİGƏR XƏBƏRLƏR

Top