Avropa Liqasında qrup mərhələsinə yekun vurulur


Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq. VI turda 1/16 finala yüksələn sonuncu 11 komanda müəyyənləşəcək.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" sonuncu matçında İngiltərədə "Arsenal"ın qonağı olacaq. Qrupun oyununda Portuqaliya "Sportinq"i Ukrayna "Vorskla"sını qəbul edəcək. London və Lissabon təmsilçiləri növbəti mərhələni daha öncə təmin edib. 

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstan "Astana"sı səfərdə Fransanın "Renn" komandası ilə qarşılaşacaq. "Astana"ya növbəti mərhələyə yüksəlmək üçün heç-heçə bəs edirsə, fransızlar mütləq qələbə qazanmalıdırlar.

Türkiyə klublarından növbəti mərhələ şanslarını davam etdirən "Beşiktaş" evdə İsveçin "Malmö" komandasının müqavimətini qırmağa çalışacaq. "Qara qartallar" qələbə qazanacağı təqdirdə digər görüşün nəticəsindən aslı olmayaraq pley-offa yüksələcək. 

Qeyd edək ki, 13 komanda öncədən növbəti mərhələni rəsmiləşdirib. Sonuncu tur "Arsenal" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Latsio" (İtaliya), "Çelsi" (İngiltərə), "Sürix" (İsveçrə), "Bayer" (Leverkuzen, Almaniya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Zaltsburq" (Avstriya), "Zenit" (Rusiya), "Fənərbağça" (Türkiyə), "Sportinq" (Portuqaliya), "Betis" (İspaniya) və "Dinamo" (Kiyev, Ukrayna) komandaları üçün formal xarakter daşıyır.(report)

DİGƏR XƏBƏRLƏR

Top