Sirab kəndində İcra nümayəndəsinə ödənilən DSMF ödənişləri mənimsənilib?


Vətəndaşın Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta ödənişləri onun fərdi hesabına yerləşdirilməyib. Yeniavaz.com xəbər verir ki, belə bir hadisə ilə Babək rayonunun Sirab kənd sakini İsrafil Rəhimov qarşılaşıb.
İsrafil Rəhimovun bildirdiyinə görə, 2008-ci ildən etibarən həyat yoldaşı Rəhimova Natəvan Heydər qızının adına sosial sığorta haqqı ödəyir: "2009-cu ildə Babək rayon İcra Hakimiyyətinin Sirab kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Qasım Fərzəlisoy gəlib dedi ki, sosial sığorta pulunu gələn ildən bizə ödə. 2010-cu ildən etibarən sosial sığorta pulunu Sirab kənd icra nümayəndəsi Qasım Fərzəlisoya verirəm. Həyat yoldaşımın şəxsi hesabını yoxlamaq məqsədilə bu ilin iyun ayında Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinə müraciət etdim. Mənə bildirdilər ki, 2014-cü ildən sonra sistemdə heç nə yoxdur. 2014-cü ildən sonra ödəniş etməmisiniz. Halbuki, 2014-2016-cı illərdə sosial sığorta pulunu kənd icra nümayəndəsinə ödəmişəm və bu barədə qəbz almışam".

Məsələ ilə bağlı bu ilin avqust ayında Babək rayon prokurorluğuna müraciət etdiyini deyən İsrafil Rəhimovun sözlərinə görə, hələ də müraciətinə rəsmi cavab verilməyib.
İsrafil Rəhimovun səsləndirdiyi iddialara münasibət bildirən Babək rayon İcra Hakimiyyətinin Sirab kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Qasım Fərzəlisoy yeniavaz.com-a verdiyi açıqlamada bildirdi ki, onlar Sirab kəndi üzrə məcburi dövlət sosial sığorta ödənişlərinin daha asan toplanılması üçün Dövlət Sosial Müdafiə Fondunun əməkdaşına yardım ediblər: "İcra nümayəndəliyinin topladığı vəsait Fondun müfəttişinə təhvil verilib və onun imzası və möhürü ilə təsdiqlənən müvafiq qəbzlər də kənd sakinlərinə verilib. Həmin qəbzlərdə mənim nə imzam, nə də adım var. Məsələ ilə bağlı rayon prokrorluğuna çağrılmışam və izahat vermişəm. Bu məsələdə mənim heç bir günahım yoxdur. Əgər ödənilən pullar vətəndaşın şəxsi hesabına yerləşdirilməyibsə bu Fondala bağlı məsələdir".  
Şikayətçi - Sirab kənd sakini İsrafil Rəhimov isə bildirir ki, prokrorluğa müraciətindən 3 aydan artıq vaxt keçsə də hələ rəsmi cavab ala bilməyib: "Prokrorluqda bu məsələ Əli adlı "müstəntiqin" nəzarətindədir. Lakin bugünə kimi araşdırmanın nəticəsi barədə mənə rəsmi cavab verilməyib. Yalnız Fonddan bildiriblər ki, qəbzləri gətir və əgər hesaba yerləşdirilməyən vəsait varsa yerləşdirərik".
Ödənilən vəsaitin hansı səbəbdən vətəndaşın şəxsi hesabına yerləşdirilmədiyin öyrənmək məqsədilə Sirab rayon prokrorluğunun adı qeyd olunan əməkdaşı ilə telefonla əlaqəsi saxlayıb, suallarımızı ona ünvanladıq. Əvvəlcə, Əli müəllim olduğunu bildirən şəxs, suallarımızı dinlədikdən sonra Əli müəllimlə danışmadığımız deyərək telefonu söndürdü.

DİGƏR XƏBƏRLƏR

Top