Rusiyada məhv edilən pomidorlar “Azərsun Holding”in deyilmiş - AÇIQLAMA


Rusiya KİV-də Azərbaycandan ixrac edilən pomidorlarda Cənubi Amerika pomidor güvəsinin aşkarlanması barədə məlumat yayılıb. Həmin məhsulun "Azərsun Holding”in tərkibinə daxil olan MMC-lərdən birinin istixanasında yetişdirildiyi iddia olunurdu. Yeniavaz.com saytının araşdırması nəticəsində bəlli olub ki, sözügedən pomidorların yetişdirildiyi "Gözəl Təbiət" MMC-nin "Azərsun Holding"lə heç bir əlaqəsi yoxdur.
"Gözəl Təbiət" MMC-nin kompleksinin Nizami Heybətov Yeniavaz.com saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib: "İl ərzində 10 min ton pomidor ixrac edirik. İndi 100 kiloqram pomidorda qurd aşkarlanıb, o qurd hardan düşüb - gömrükdəmi, yoldamı açıqlanmır. Bəlkə başqa məhsullardan keçib? Rusiyaya bizim istixanamızdan 18 ton pomidor göndərilib, 17 ton 900 kiloqramını qəbul ediblər, 100 kiloqramında belə bir problem aşkarlanıb. Bizim istixanalar açıqdır, gəlin, gəzin, buradakı şəraitlə tanış olun, məhsulların keyfiyyəti ilə tanış olun. Biz Rusiyanın X5, "Lenta" kimi ən böyük marketlər şəbəkəsi ilə əməkdaşlıq edirik. Onlara hər ay məhsul göndəririk və bizim pomidorlardan heç bir şikayətləri yoxdur. Bu günə qədər də heç bir problem olmayıb. Onlar bizə məhsullarımızın keyfiyyətinə görə dəfələrlə təşəkkür ediblər. 
Bizim pomidorlar 3-4 yerdən yoxlamadan keçir. Hətta Dağıstanda sərhəddə də açılıb yoxlanılır. Rusiyanın Sibir vilayətinə 4 bir yandan məhsul gedir. Depoda da pomidora qurd düşə bilərdi. Yüzlərlə ehtimal var ki, güvə o səbəbdən düşə bilər.
Yenə deyirəm, bizim istixanalarımız açıqdır, gəlib baxsınlar”.
Nizami Heybətovun sözlərinə görə, yetişdirdikləri pomidor xaricə çıxarılmamışdan öncə Azərbaycanda da yoxlamadan keçirilir: “Bizim İsveçrənin dünyaca məşhur şirkəti ilə əməkdaşlığımız var, həmin şirkət hər istəyənə qida təhlükəsizliyi sertifikatı vermir. Pomidor yetişdirilməsi üzrə İSO 22000 qida təhlükəsizliyi sertifikatımız var. Bunu da hər il gəlib yoxlayırlar. Bundan başqa, bizim pomidorlardan Qida Təhlükəsizliyi Agentliyinə nümunə gedir, onlar yoxlayırlar. Pomidor Azərbaycanın ən strateji məhsuludur, problemli məhsulun ölkə xaricinə getməsinə icazə verərlərmi?".
"Gəlin, "Gözəl Təbiət" MMC-nin təsis sənədləri ilə də tanış olun, "Azərsun Holding”lə əlaqəsi yoxdur. "Gözəl Təbiət" MMC-də "Azərsun Holding"in heç bir payı yoxdur. Belə məlumat yayanlar yaxşı olardı ki, bizim də fikrimizi öyrənəydilər, biz də açıqlama verəydik. Sizə təşəkkür edirik. Bizim bu kompleksdə 400 nəfər işləyir, ailəsinə çörək aparır. Bütün şirkət bu dəqiqə ayaqdadır ki, bu nə məlumatdır belə? Rusiyanın Moskva, Sankt-Peterburq, Tomsk, Yekaterinburq, Tolyatti, Samara şəhərlərinə məhsul göndəririk. Yəni bizim məhsullar Rusiyanın dörd bir yanında var. Rusiyanın ən məşhur marketləri məhsullarımızda problem olsa, almazdılar. Onların özünün də laboratoriyaları, analiz yerləri var. Bizim məhsulda heç bir problem yoxdur",-deyə Nizami Heybətov vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top