Ermənistanda seçki pozuntuları qeydə alındı

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin gedişi zamanı qanun pozuntuları ilə bağlı müraciətlər daxil olmağa başlayıb.

Yeniavaz.com yerli KİV-ə istinadən bildirir ki, Lori əyaləti 22/26 saylı seçki məntəqəsində bülletenlərin olmaması səbəbindən səsvermə dayandırılıb. Bundan əlavə, Razdan bölgəsindəki 26/14 saylı seçki məntəqəsində müşahidə kameralarının çalışmaması barədə məlumat daxil olub. Araratdakı 13/2 saylı seçki məntəqəsində isə nəzarətçi vəsiqəsi olmayan şəxs vətəndaşla birlikdə səsvermə kabinəsinə daxil olub.

Bir çox məntəqələrdə müşahidəçilərin işinə maneəçilik törədilir. Bəzi məntəqələrdə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun bülletenləri olmayıb. Bir sıra məntəqələrin qarşısında qanunla qadağan olunmasına baxmayaraq, təşviqat kampaniyasının aparıldığı aşkarlanıb. Sevan şəhərindəki 20/05, Vanadzordakı 23/54 və 23/53, Panikdəki 33/20 saylı məntəqələrdə təşviqat plakatlarının asılması faktları qeydə alınıb.

Ümumiyyətlə, ölkə üzrə seçicilərin passivliyi müşahidə olunur.

Onu da qeyd edək ki, siyasi ekspertlər Ermənistanda keçirilən bu seçkiləri Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyinin rəsmiləşdirilməsi kimi dəyərləndirirlər.

DİGƏR XƏBƏRLƏR

Top