Banklar hansı sahəyə nə qədər kredit ayırıblar?

 
Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 41,6%-nə bərabər olub. İlin əvvəlindən ötən 10 ay ərzində bu növ kreditlər üzrə artım baş verib. Bu ilin əvvəlindən ötən 10 ay ərzində istehlak kreditlərtinin həcmi 10,8% və ya 500,1 milyon manat artaraq 5 milyard 106,6 milyon manata yüksəlib.
Bundan başqa ümumi kreditlərin 2 milyard 65,9 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb. Son 10 ay ərzində bu sektora qoyulan kreditlərin həcmi 3,3 milyon manat azalıb. Verilən kreditlərlə birgə, bu sektorun ümumi kredit portfelindəki payı da 17,6%-dən 16,8%-ə düşüb.
İnşaat və əmlak sektoruna isə 375,6 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin də həcmi bu ilini əvvəlindən 170,6 milyon manat aşağı düşüb. Bu azalma ilə bərabər ümumi kredit portfelindəki payı da 4,6%-dən 3,1%-ə düşüb.
Nəqliyyat və rabitə sektorunun maliyyələşdirilməsinə 1 milyard 289 milyon manat kredit ayrılıb ki, bu da bu ilin əvvəlindən ötən 10 ay ərzində 162,3 milyon manat artım deməkdir. Nəqliyyat və rabitə sektoruna yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı bu ilin əvvəlindəki 9,6%-dən 10,5% səviyyəsinə yüksəlib.
Sənaye və istehsal sektoruna isə banklardan 687,4 milyon manat vəsait cəlb edib. Bu, cari ilin əvvəli ilə müqayisədə 10,6% və ya 66,2 milyon manat çoxdur. Sektorun ümumi kreditləşmədə payı isə 5,3%-dən 5,6%-ə yüksəlib.
Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 468,1 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği son 10 ayda 38,9 milyon manat artıb. Ümumi kredit portfelindəki payı isə 3,7%-dən 3,8%-ə yüksəlib.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 275,5 milyon manat ayrılıb. Bu isə bu ilin əvvəli ilə müqayisədə 40 milyon manat azdır. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı isə ilin əvvəlindəki 2,7%-dən 2,2%-ə düşüb.
Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1 milyard 827,5 milyon manat borc verib. Bu, son 10 ay ərzində 90,2 milyon manat artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı isə artıb - 14,8%-dən 14,9%-ə yüksəlib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top