19 manata görə adam öldürənlərin məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilənlər - Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun məhkəməsi başlayıb. Hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 11-də davam etdiriləcək. İttihama görə, mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında Aydın Şıxəliyevin çoxsaylı bıçaq xəsərətləri nəticəsində öldürülüb. 

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub.

Saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında A.Şıxəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşiblər. Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Ş.Bayramov və R.Hüseynov üzərlərində olan bıçaqlarla A.Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər.

Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top