Başı qırxılan qadının anası danışdı: "Qızıma dərman verib, başını qırxıblar"

Xəyanət ittihamı ilə əri tərəfindən başı qırxılan, videosu sosial şəbəkələrdə yayılan gənc qadının anası, Mingəçevir sakini Xalidə İsmayıl qızı Malışova Yeniavaz.com saytına baş verən hadisə, səsləndirilən ittihamlarla bağlı açıqlama verib.
X. Malışova videonun sosial şəbəkələrdə yayılmasından xəbərsiz olduqlarını bildirib: “Kiçik qızım bugünlərdə dedi ki, ay ana, bacımın başı qırxılmış vəziyyətdə videosu internetdə yayılıb. Mənim qızım 2013-cü ildə bu oğlanla ailə həyatı qurub. 2015-ci ilə qədər onlarla birlikdə Kislovodskda yaşayıb. 2015-ci ildə 4 yaşlı qızı Roza ilə oradan deportasiya olunub deyə, o vaxtdan bizdə qalırdılar. Onlar hər dəfə Gəncəyə gələndə qızımı və uşağı aparırdılar ki, qoy qohum-qonşu elə bilsin qızım da bunlarla Rusiyada yaşayır. Qızımı bu ilin sentyabrında Kislovodska aparmışdılar. Sentyabrın 20-də qızım Günel Sahib qızı Mirəliyevanın qayınanası zəng edib dedi ki, bunu burada öldürülməmiş gəl, qızını apar. Dedi ki, qızın oğluma xəyanət edib. Mən də dedim ki, qızım ərə gedəndən mənim yanımdadır, bu, ola bilməz. Qayınanası bizə zəng edəndən sonra yollandım qızımın arxasınca Koslovodska. Mən onların evində olanda qızımı mənə göstərmədilər. Başqa bir otağa salıb, qapını bağlamışdılar. Səhəri gün bizi avtomobillə yola saldılar. Mən onlarla orda mübahisə etmədim ki, ailədir, dalaşıblar, barışarlar. Yolda qızıma dedim ki, bu nə deməkdir, niyə bunlar baş verib? Qızım barmaqları ilə işarə etdi ki, halım yoxdur, evdə danışaram. Biz Mingəçevirə - evimizə gələndə qızımın üzərindəki zorakılıq izlərini görüb dəhşətə gəldim. Həm başı qırxılmışdı, həm də əllərində, ayaqlarında, üzündə, qollarında siqaret, yanıq izləri və deşilmiş yara yerlərini gördüm. Qızın bu halını görən atası və mən şok keçirdik”.
Xalidə Malışova 2 aydan artıqdır qızını müalicə etdirdiyini deyib: “Dərhal bu şəkilləri çəkib hüquq-mühafizə orqanlarına məlumat verdim. Videonu kimin yaymasından xəbərimiz yoxdur. Oğlan evi deyir ki, guya biz yaymışıq. Amma bugünlərdə bu videodan xəbər tutan kimi qızım əri Elnura zəng edib bildirdi ki, bu videonu niyə yaymısınız? O da bizə bildirdi ki, bunu mən etməmişəm. Onu da deyim ki, neçə illərdir Elnur mənim qızıma xəyanət edirdi, biz heç dinmirdik. Demişik aramızda qohumluq əlaqəmiz var. Dedik ailə dağılmasın, hələ gəncdilər. Qızımın qayınanası deyir ki, toy eləmişəm. Amma inanın, toyu da biz eləmişdik. Onlar bizə bildirdilər ki, guya qızımı aparıb toyu orda edəcəklər, amma etmədilər. Mən indiyə qədər susdum ki, ortada nəvə var, qoy uşaq atasız böyüməsin. Amma onlar ki, qızıma dərman verib, onu bu hala salıb - başını qırxıb, özünə işgəncələr verib, videosunu çəkib yayıblar, qoy bu işə hüquq-mühafizə orqanları qiymət versin”.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top