Axtarışa verilən, həbs olunan, adı cinayət işində hallanan rektorlar - SİYAHI


Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun işdən çıxarılması və onun barəsində yazılanlar ölkə mətbuatının gündəmi oldu. Qeyd edək ki, hazırda Azərbaycanda bir neçə
universitetdə rektor vəzifəsi boşdur. Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Lənkəran Dövlət Universitetidir. Azərbaycanda vaxtilə rektor vəzifəsində çalışanlar arasında da haqqında cinayət işi açılanlar, adı cinayət işində hallananlar az deyil. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.
 
- Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru Muğan Salahov barəsində də cinayət işi açılmışdı. M. Salahov daha sonra məhkəmə zalından azadlığa buraxılmışdı.

- Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barədə cinayət işi açılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə zəruri istintaq tədbirlərinin davam etdirilməsi barədə bir müddət öncə mətbuatda məlumat yayılmışdı. E. Abdullayev hazırda Azərbaycandan xaricdə yaşayır.
 
- Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədov barəsində də cinayət işi açılmışdı. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilmişdi. Bu iş üzrə zərərçəkmişlərdən ikisi Ramiz Məmmədovun həbs edilməsini istəsələr də, sonradan bu istəklərini dəyişmişdilər. Mətbuatda yazılanlara görə, R. Məmmədov həbs olunmaması üçün zərərçəkmişlərə dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib.
 
- Təfəkkür Universitetinin Kiyev filialının sabiq rektoru Riyad Əliyev barəsində də cinayət işi açılmışdı. 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinirdi. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan etmiş və saxlanılması üçün İnterpola müraciət olunmuşdu.
 
- Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru Aqiyə Naxçıvanlının da adının cinayət işində hallandırıldığı bildirilirdi. Təhsil Nazirliyindən hələ bir müddət öncə sorğuya cavab olaraq bildirmişdi ki, millət vəkili Aqiyə Naxçıvanlının vaxtilə rektoru olduğu institutun adından hazırlanan saxta diplomlarla bağlı Baş Prokurorluğunda hazırda cinayət işi üzrə istintaq aparılır. A. Naxçıvanlı isə açıqlamasında aşkar edilən diplomların saxta olduğunu və qeyd olunan imzanın isə kopyalandığını bəyan edib.
 
- Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovun da barəsində cinayət işi açılmış, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmişdi.
 
- Bakı Dövlət Sosial İqtisad Kollecinin vəzifəli şəxsləri barəsində olan cinayət işi açılmışdı. Cinayət işi materialında Kollecin direktoru Mübariz Mahmudovun da adı keçirdi.
 
- Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top