Bakıda sürücüyə 50 manatlıq qayda pozuntusuna görə 100 manat cərimə gəlib - FOTOLAR


"Bu elektron qərarda cəmi 50 manatlıq sanksiyası olan xətaya (İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi) görə 100 manat cərimə yazılıb. Hətta deyilir ki, cərimə ödənilib də... Maraqlıdır". Yeniavaz.com xəbər verir ki, bu fikirləri sosial şəbəkədəki səhifəsində hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.
Eyni mövzuda paylaşım edən Qarabağ qazisi Habil Muradov isə yazıb: "Çox maraqlı gəldi deyə paylaşmağa qərar verdim. Texniki baxışdan keçməməyə görə cərimə 50 manat olduğu halda 100 manat yazıb ödətdiriblər. Bəlkə qanunda dəyişiklik olub, xəbəriniz olsun". Onlar dediklərinə sübut kimi elektron qərarın fotolarını da paylaşıblar.
Yeniavaz.com saytı məsələ ilə bağlı münasibət öyrənmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb.
Vaqif Əsədov məsələnin araşdırılmasına ehtiyac olduğunu bildirib: "İcazə verin araşdırım. Həmin elektron protokolun fotolarını mənə göndərin, idarədə araşdırılsın. Mən belə başa düşdüm ki, burada səhv nə isə var, düzdür? Bəli, ola bilər, bu texniki avadanlıqda olan bir səhvdir. Bunu faciə edib, hay-küy salmağın əleyhinəyəm. Əgər varsa, biz məlumat verəcəyik, onu aradan qaldırsınlar".
Vaqif Əsədov yaxın dostlarından birinin də başına buna bənzər hadisə gəldiyini bildirib: "Təxminən 3 ay əvvəl bir dostum mənə zəng vurdu ki, qardaş, neyləmişəm məni 100 manat cərimə ediblər? Soruşuram nə olub? Deyir mən maşını 70-dən yuxarı sürmürəm, 100 manat cərimə gəlib. Həmin elektron protokolun fotosunu çəkib göndərdi mənə. Baxıb gördüm ki, 10.0 yazılıb. Nöqtə elə yazılıb ki, görünmür. O da elə bilib ki, cərimə 100 manatdır. Yəni belə şeylər olur, bəlkə elektron protokolda 100 manat deyil, 10 manatdır, sürət həddinə görə çəkiblər? Göndərin mənə yoxlayım, siz deyirsiniz bir başqa, amma mən gedib bunu kökündən yoxlayacam, görüm o maşın hardan gedir, necə gedir, hər halda videosu var də. Araşdırılandan sonra sizə bu barədə ətraflı məlumat verəcəyəm".
 
Nicat

DİGƏR XƏBƏRLƏR

Top