Bakı sakinləri 10 ayda içki və siqaretə 1 milyard manatdan çox pul xərcləyiblər


Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz artaraq 15 milyard 966,3 milyon manat olub.
Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində  paytaxtın  pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 27,8 manat daha çox vəsait xərcləyibdir.
Bu ilin hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,3 faiz artaraq 7 milyard 237,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 8 milyard 728,8 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 54,7 faiz təşkil edib.
2018-ci ilin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,8 faizi ərzaq məhsullarının, 6,5 faizi içkilər və tütün məmulatlarının (1 milyard 37,8 milyon manat), 12,1 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,4 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,3 faizi əczaçılıq və tibbi malların, 7,5 faizi  avtomobil yanacağının, 25,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 30,4 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,4 faiz az istehlak məhsulları satılıb.

DİGƏR XƏBƏRLƏR

Top