
Mingəçevir Az. Dres qəsəbəsi Y. Mənsurov küçəsi, 9, 11, 13, 15 saylı binaların sakinləri Yeniavaz.com saytına sayğac problemi ilə bağlı müraciət ediblər. Sakinlər bildirib ki, həyətlərində 235 ailənin bir xeyir-şər evi var. Onun qaz xəttini SOCAR kəsib.
Sakinlərin sözlərinə görə, qaz sayğacına dolan qarışqalar onları qaz idarəsi ilə üz-üzə qoyub.
Şəhid ailəsi Xumar Mahmudova deyib: "Hamımız yaşlı, xəstə adamlarıq. Buradan ancaq yas mərasimləri üçün istifadə edirik. Onun da qazını gəlib kəsiblər. Bizə deyirlər ki, qaz sayğacına bəhməz tökmüsünüz, ona da qarışqalar daraşıb".
Digər sakinlərdən Elxan Rəşidov, Nüsrət Cəfərov, Gülmirzə Həsənov, Əbülfət Verdiyev, Rasim Yusifov, Nəbi Sadıqov, Valeh Əsgərov və digərləri deyiblər ki, Mingəçevirdə qaz sayğacına darışan qarışqalara görə sakinlərə 699 manat cərimə yazılıb: "Burada illərdir ki, insanlar xeyir-şər məclislərini yola verirlər. Ancaq ikinci dəfədir ki, yerli qaz idarəsinin işçiləri qaz verilişini dayandırır, qaz sayğacını çıxarıb aparıblar".
Xeyir-şər evinə rəsmi cavabdehlik daşıyan şəxs Nüsrət Cəfərov deyib ki, "Azəriqaz" tərəfindən məktublar onun adına göndərilir: "Bura illər əvvəl sakinlərin öz hesabına tikilmiş mağardır. Bu məhəllədə 235 ailə yaşayır. Elə gün yoxdur ki, binaların arasındakı bu mağardan istifadə olunmasın. Ötən il qaz idarəsinin işçiləri əsəblərimizlə oynadılar. Dedilər, sayğacdakı hesablama mexanizminə qarışqa dolub, açıb sayğacı apardılar. Dedilər, dövlət hesabına yenisi quraşdırılacaq. Sonra da gəlib dedilər, təzə sayğac qoyulmalıdır. Onun da pulunu sakinlərdən tələb etdilər".
Sakinlər təxminən 95 manata yaxın pul toplayıb verəndən sonra xeyir-şər evinə yeni sayğac quraşdırılıb: "Onlara məktub gəlib ki, köhnə sayğac laboratoriyada araşdırılıb və hesablama mexanizminə şirə töküldüyü aşkar edilib".

Sakin, şəhid anası Xumar Məhmudova deyib ki, sakinlərə 699 manat cərimə yükləyiblər: "SOCAR-a dəfələrlə məktub yazıb göndərdik, cavab gəlmədi, prezidentə yazdıq, sonra məlum oldu ki, Prezident Administrasiyası da məktubumuzu "Azəriqaz"a göndərib. Bir sözlə, ərizə yenə dolanıb Mingəçevirə gəlib çıxdı. Buradakı qaz idarəsi daş atıb, başını tutdu ki, cərimə ödənməlidir".
Sakin Elxan Rəşidov deyir ki, gözü qorxan sakinlər bu dəfəki sayğacın hesablama mexanizmində qarışqa görən kimi "Azəriqaz"ın qəza xidmətinə zəng vuraraq məlumat verirlər: "Hələ ilin əvvəlində cərimə ilə bağlı qaz idarəsinə gedəndə, orda işləyən vəzifəlilərdən biri deyirdi ki, şəhərdə 6 belə sayğac aşkarlanıb. Hələ də aşkarlanmaqdadır. Dedi, biz də bilirik ki, səbəb insanların müdaxiləsi deyil. Əsas səbəb, sayğacın fırlanma mexanizminə zavod tərəfindən sürtülmüş keyfiyyətsiz yağdır. Ancaq qərarı biz yox, laboratoriya verdiyindən heç bir kömək edə bilmirik. Əlavə nə isə dedikdə işdən çıxarmaqla hədələyirlər. Özü etiraf edirdi ki, mənə deyirlər, sənə ayda 1500 manat maaş veririk ki, çıxarılmış qərarları icra edəsən. İndi bu təzə sayğaca darışan qarışqalara görə zəng vururuq qəza xidmətinə, deyirlər, biz neyləyə bilərik? Gəlib sayğacdan qarışqa qovası deyilik ki".
Tərtər Regional Qaz-İstismar İdarəsinin Mingəçevir Xidmət Sahəsindən Yeniavaz.com saytına bildirilib ki, sözügedən binanın xeyir-şər evinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəzlənib və dövlət yoxlamasına göndərilib. Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilib. Sayğacın hesablama mexanizminə qarışqa dolması səbəbindən sayğacın istifadəyə yararsız vəziyyətə düşməsi müəyyən edilib. Quraşdırılmış yeni sayğacın dəyəri sakinlər tərəfindən ödənilib. Ancaq dəfələrlə xəbərdarlıqlara baxmayaraq, sakinlər 669 manat civarında cəriməni ödəmək istəmir. İdarə iddia edir ki, sayğacın daxili qapağına kənardan şirə tökülüb, hesablama mexanizminə də qarışqa bu səbəbdən darışıb və sayğac xarab olub.
Esmira Hidayətova, Mingəçevir
