"Azərbaycandakı erməni əsir ailəsi ilə görüntülü danışır, bizimkilər isə..." - Girovların ailəsi


"Beynəlxalq Qızıl Xaç Komitəsi rrməni girovu ilə azərbaycanlı girova eyni yanaşmır”. Bunu ata-baba yurdu olan Kəlbəcərə yaxınlarının məzarını ziyarət etməyə gedərkən separatçılar tərəfindən girov götürülən həmvətənimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, uzun müddətdir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları onlara atası haqqında yalnız şifahi məlumat verir: "Bir ildən artıqdır ki, komitənin nümayəndələri atamdan nə məktub, nə də video gətirir. Sadəcə, şifahi şəkildə atamın yaxşı olduğunu bildirirlər. Amma BQXK erməni əsirin üç aydan bir ailəsi ilə canlı görüntü ilə danışıb, hal-əhval tutmasını təmin edir. Necə olur ki, erməni əsir öz ailəsi ilə davamlı şəkildə görüntülü danışır, bizə elə bir şərait yaradılmır? Komitə bizə atamın yaxşı olduğunu deyir, amma bunun doğru olduğuna necə inanaq? Bir ildən artıqdır ki, atamdan video və ya məktub almırıq”.
Girov Şahbaz Quliyevin bacısı İradə Quliyeva da söyləyib ki, beş aydan çoxdur , qardaşından heç bir xəbər ala bilmirlər: "Hər dəfə məktub yazıb, Şahbaza göndəririk. Amma məktumuza cavab gəlmir. Sadəcə, BQXK şifahi formada Şahbazın yaxşı olduğunu, qohumlara salam söylədiyini bildirir. Lakin qardaşımla birbaşa əlaqə qura bilmirik”.
İ.Quliyeva onu da diqqətə çatdırıb ki, qardaşının ailəsinin dolanışığında müəyyən çətinliklər var: "Qardaşımın yoldaşı Sumqayıt şəhərində muhasib köməkçisi işləyir. Lakin o da bir neçə aydır ki, maaşını vaxtlı -vaxtında ala bilmir. Dolanışıqlarında problem var. Çox vaxt maaşımı alıb, onlara göndərirəm. Mənim də əmək haqqım cəmi 200 manatdır. Yəni onların xərclərini ödəmir. Qaradaşımın ailəsinə ünvanlı sosial yardım düzəltmək istəyirik. Amma onu da düzəltmirlər”.
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
(Sherg.az)

DİGƏR XƏBƏRLƏR

Top