Gəncə Dövlət Universitetinin fəaliyyətə başlamasından 80 il ötür - Yubiley tədbiri


Azərbaycanın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universitetinin (GDU) bu il fəaliyyətə başlamasından 80 il keçir. Yeniavaz.com xəbər verir ki, bu münasibətlə universitetdə təntənəli yubiley tədbiri keçirilib.
Yubiley tədbirində Təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, respublikamızın və dünyanın bir sıra nüfuzlu universitetlərinin, elm-təhsil mərkəzlərinin rəhbərləri, nümayəndə heyətləri, görkəmli alimlər, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak edib.
Tədbir iştirakçıları Gəncə şəhərinin mərkəzinə gələrək Heydər Əliyev meydanında Ümummiilli Liderin abidəsini ziyarət edib, önünə əklil və tər çiçəklər düzüb, xatirəsini anıblar. Əvvəlcə sahəsinə görə universitetin ən böyük tədris binası olan 5-ci korpusun əsaslı yenidənqurmadan sonra açılışı olub.
Bildirilib ki, yeni tədris binası universitetin daxili imkanları hesabına müasir təhsil standartları səviyyəsində yenidən qurulub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli tədris binası müasir infrastruktura və zəngin maddi texniki bazaya malikdir. Ərazidə 2 mərtəbəli tədris binası, 99 otaq (42 auditoriya, 52 ofis), idman və 306 yerlik iclas zalı, kiçik iclas zalı, tibb məntəqəsi, yeməkxana və 4 min 200 kvadratmetr idman sahəsi var. Həmçinin yeni tədris binasının nəzdində Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, sahəsi 360 kvadratmetr olan Nuru Paşa adına 30 min kitab fonduna malik kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətlərdə fəaliyyət göstərəcək Kompüter Mərkəzi yaradılıb.

Təhsil Nazirliyinin, ali təhsil müəssisələri rektorlarının, deputatların, universitetlə əməkdaşlıq edən xarici ali təhsil ocaqlarının nümayəndə heyətlərinin də iştirak etdiyi tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Gəncə Dövlət Universitetinin keçdiyi şərəfli yolu və müasir inkiş istiqamətlərini əks etdirən videoçarx izlənilib.
tədbirində çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov universitet haqqında məlumat verərək bildirib ki, zəngin ənənələrə, özünəməxsus tarixi keçmişə malik olan bu ali təhsil ocağı ötən 80 il ərzində təkçə ölkəmiz üçün yox, həmçinin qonşu respublikalar üçün də peşəkar, səriştəli pedaqoji kadrlar hazırlamış və qərb regionunda maarifçiliyin inkişafında öz xidmətlərini göstərmişdir. Gəncə Dövlət Universitetinin maarif istiqamətində təhsil almış məzunları bu gün Azərbaycanın müxtəlif şəhər, rayon və kəndlərində, xüsusilə də qərb regionunda pedaqoji fəaliyyətlə məşğul olurlar.
Qeyd edilib ki, Gəncə şəhərindəki təhsil müəssisələrində çalışan pedaqoji kadrların böyük əksəriyyəti Gəncə Dövlət Universitetinin məzunlarıdır. Ali təhsil ocağının yaranma tarixinə diqqət çəkən rektor bildirib ki, Gəncə Dövlət Universiteti Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Gəncə şəhərində İkiillik Müəllimlər İnstitutu kimi 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlayıb. 1943-cü ildən etibarən Kirovabad İkiiilik Müəllimlər İnstitutunun bazasında tam ali təhsil verən, yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayan dördillik Kirovabad Dövlət Pedaqoji İnstitutu yaradılıb,1986-cı ildə şəhərə Gəncə adının qaytarılması ilə əlaqədar Kirovabad Dövlət Pedaqoji İnstitutu Gəncə Dövlət Pedaqoji İnstitutu adlandırılıb, 2000-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İnstitutun profili genişləndirilməklə Gəncə Dövlət Universiteti yaradılıb. Hazırda universitetdə 8 fakültə, 13 şöbə, 8 mərkəz fəaliyyət göstərir, 6 mindən çox tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 550 nəfərə qədər professor-müəllim heyəti məşğul olur.Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir və onun 5 tədris binası, tələbə yataqxanası və 655 min nüsxə kitab fonduna malik kitabxanası var. Bütün tədris binaları əsaslı surətdə təmir olunub və auditoriyalarda keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb.
Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün 32 tədris laboratoriyası, 5 ixtisas kabineti, 2 tədris emalatxanası,12 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Hazırda bakalavriat səviyyəsində 40, magistratura səviyyəsində 63 ixtisas üzrə kadr hazırlığı aparılır.
Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top