Sağlam həyata doğru - Mingəçevirdə velotur keçirilib - FOTOLAR

Mingəçevir Turizm Kollecində və "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsində  BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə "Gənc Velosipedçilər" İctimai Birliyinin, "Azərbaycan Velosiped İdmanı Federasiyasının" və Respublika Olimpiya Velosiped Məktəbinin və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə "Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi" layihəsinin seminar-təlimləri keçirilib.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhərindən başlayan və Respublikamızın 4 rayonunda baş tutacaq təlimlərin əsas məqsədi regionlarda yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq, bu idman növündə gender bərabərliyini təmin etməkdir. Layihənin birinci günü gənclərə qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanının gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların səlahiyyətlənməsində əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs olunub. 
Təlimlərin sonrakı mərhələsində diskussiyalar aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallar cavablandırılıb, gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilib.
Mingəçevir Kür sahilində layihənin yekunu olaraq veloyürüş keçirilib. 
Universitet, kollec və orta məktəb gənclərinin iştirak etdiyi yürüşdə aktivliyi ilə seçilən gənc xanımlar təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.
Esmira Hidayətova, Mingəçevir


DİGƏR XƏBƏRLƏR

Top