Fransada dövlət məmuru Şimali Koreya casusu çıxdı


Fransa Senatının dəftərxanasının məmuru Benua Kennedey Şimali Koreya xeyrinə casusluq ittihamı ilə həbs edilib.

O, hazırda dövlətə xəyanətdə ittiham olunur.

Dünən Kennedey “xarici ölkəyə dövlətin fundamental maraqlarına zərər vuracaq dərəcədə vacib məlumatların yığılması və ötürülməsi” faktı ilə prokurorluğa gətirilib. Məhkəmə müstəntiqi ona rəsmi ittiham irəli sürüb. Fransız casusunu 10 il həbs, 150 avro cərimə gözlədiyi bildirilir.
Benua Kennedeyin təhlükəsizlik səbəbi ilə xüsusi məhkəmə nəzarəti altına alındığı söylənilir.

Qeyd olunur ki, bəhs olunan dövlət məmuru haqqında istintaq hələ keçən həftənin bazar günündən başlanıb. Ümumilikdə isə onun mart ayından Fransanın Baş Daxili Təhlükəsizlik İdarəsi (DGSİ) tərəfindən izləndiyi deyilir. Benua Kennedey Senatın memarlıq, irsi abidələr və bağlar departamentinin rəhbəridir.

Fransanın adlı-sanlı Siyasi elmlər İnstitutunun məzunu Benua Kennedey KXDR-lə bağlı xüsusi elmi araşdırmaların da müallifidir. Onun Pxenyan rejiminə xüsusi simpatiya bəslədiyi ortaya çıxıb. Belə ki, casusluqda şübhələnən bu adamın Fransa-Koreya dostluq assosiasiyasının rəhbəri olduğu, dəfələrlə Koreya yarımadasına getdiyi aşkar olunub.

Kennedey bu ilin sentyabrından KXDR-in 70 illiyinə həsr olunmuş dövlət bayramı tədbirlərində də iştirak edibmiş. (musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top