"Bakıdakı eşşək ferması qeydiyyata alınmayıb" - Qida Təhlükəsizliyi Agentliyindən açıqlama


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatının qeydiyyatdan keçməsi ilə bağlı Yeniavaz.com saytında yayılan məlumata münasibət bildirib. 

Qeyd edək ki, fermanın nümayəndəsi Ülvi Hidayətzadə uzunqulaq təsərrüfatının qeydiyyatdan keçdiyini açıqlamışdı.
Ü. Hidayətzadə bildirmişdi ki, Agentliyin nümayəndələri yenidən gəlib analiz üçün uzunqulaqlardan qan və süd nümunələri götürəcəklər: "Yenidən yoxlandıqdan sonra standartı yazılacaq. Texniki şərti yazıldıqdan sonra sertifikat veriləcək. Biz əvvəl analiz üçün süd vermişdik, amma fermanın qeydiyyatdan keçməsi üçün vaxt lazım idi. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yeni yarandığı üçün o vaxt iri şirkətləri qeydiyyata alırdılar. Sonra dedilər "ASAN xidmət"ə müraciət edin, zəruri sənədləri təqdim edin. Biz müraciət etdik, rüsum ödədik, qeydiyyatdan keçdik. Yenidən gəlib yoxlayacaqlar və standart veriləcək".
Maraqlıdır ki, AQTA “Report”un sorğusuna cavab olaraq bildirib ki, sözügedən təsərrüfat qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi dövlət qeydiyyatına alınmayıb: "Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Sözügedən təsərrüfat qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi dövlət qeydiyyatına alınmayıb. Agentliyin əməkdaşları tərəfindən həmin təsərrüfatdan götürülmüş süd nümunələrinin müayinələri zamanı məhsulda bakterioloji çirklənmə aşkar edilib. Məlum olub ki, uzunqulaq təsərrüfatının fəaliyyəti sanitar-gigiyenik normalara uyğun qurulmayıb. Bununla bağlı sahibkara həmin təsərrüfatda süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra fəaliyyətə başlamaq üçün Agentliyə müraciət olunmasın dair məktub ünvanlanıb".

 

DİGƏR XƏBƏRLƏR

Top