Saakaşvili gürcüləri kütləvi itaətsizliyə çağırdı

 
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini tanımamağa çağırıb.
Yeniavaz.com “Gruziya onlayn” saytına istinadla xəbər verir ki, bu barədə Niderlandda olan M. Saakaşvili “Rustavi-2” teleşirkətinə göndərdiyi videomüraciətdə deyib.
O, seçkilərin nəticələrini tanımadığını bildirib: “Gürcüstan cəmiyyətini də seçkilərin nəticələrini tanımamağa çağırıram. Prezident seçkilərinin demokratik proseslərlə heç bir əlaqəsi olmayıb. Bu, qanunsuz seçkilərdir və mən heç vaxt Bidzina İvanişvilini tanımayacağam. Bu gündən İvanişvili Gürcüstanın daha qanuni başçısı deyil”.
B. İvanişvilini alçaq oliqarx adlandıran M. Saakaşvili qeyd edib ki, o, insanların başı üzərində qanunu, konstitusiyanı, demokratiyanı və seçkilər institutunu yırtıb. O, ölkə əhalisini dinc vətəndaş itaətsizliyinə çağırıb. M. Saakaşvili hazırki hakimiyyəti kütləvi saxtakarlıqlarda, seçiciləri satın almaqda və onlara təzyiq göstərməkdə ittiham edib.
Eks-prezident hakimiyyəti seçkiləri oğru aləminin dəstəyi ilə keçirməkdə ittiham edib: “Seçkilərin nəticələrindən asılı olmayaraq, müxalifət kütləvi itaətsizlik aksiyalarına keçəcək. Mən Gürcüstan polisini xalqın yanında durmağa, Silahlı Qüvvələri qanunsuz əmrləri icra etməməyə, dövlət aparatının sağlam qismini kriminal, mafiya bandasından uzaq durmağa çağırıram.
Qeyd edək ki, ekzit-polların nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 55-58%-lə qalib gəlir. Onu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir. Keçmiş hakim partiya olan “Vahid milli hərəkat”ın və onun 10 müttəfiq təşkilatının namizədi Qriqol Vaşadze 45% səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top