Rusiya sərhədə tankları yeridir, Putin telefon zənginə cavab vermir...


Ukrayna Rusiya ilə tammiqyaslı müharibə təhlükəsi qarşısındadır və ona görə ölkədə hərbi vəziyyətin elan edilməsi zəruridir. Belə bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko yerli telekanallara müsahibəsində çıxış edib.
Prezident deyib ki, noyabrın 25-də Azov dənizində 3 Ukrayna hərbi gəmisinin Rusiya tərəfindən ələ keçirilməsi ilə nəticələnən insident son 4 il yarımda-Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından bu yana ən fövqəladə hadisədir. “Rəsmən, şevronları çıxarmadan, “yaşıl adamlardan” istifadə edilmədən Rusiyanın çoxsaylı hərbi gəmiləri Ukrayna silahlı qüvvələrinin gəmilərinə hücum ediblər”-Poroşenko həmin insidenti belə qiymətləndirib.
Ukrayna prezidenti jurnalistlərə kəşfiyyat məlumatlarına dair materialları və peyk fotolarını təqdim edib. Həmin fotolarda və materiallarda Rusiya tanklarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi müşahidə edilir.
Poroşenko qeyd edib ki, noyabrın 25-də Ukrayna gəmiləri Azov və Qara dənizlərdən istifadəyə dair beynəlxalq razılaşmalar çərçivəsində hərəkət edib. Gəmilər öz marşrutları barədə əvvəlcədən məlumat veriblər, Kerç körfəzindən keçmək üçün trafic-kontrol göstərişlərinə dəqiq əməl ediblər. Onlara əmr edilib ki, akvatoriyanın müəyyən zonasında dayansınlar və Kerç körfəzinin kanalına keçmək üçün növbə gözləsinlər. Lakin Ukrayna gəmiləri təxribatın qurbanı olub və prezidentin sözlərinə görə, bundan sonra 2008-ci ildə Gürcüstana qarşı tətbiq edilən ssenari işə düşməli idi. Poroşenko deyib ki, Rusiya gəmiləri və təyyarələri Ukrayna gəmilərinə atəş açıblar , bu da beynəlxalq konvensiyalara görə təcavüz hesab olunur.
“Həmin gecə mən təcili olaraq Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı üçün sifariş verdim, amma biz cavab almadıq. Bundan sonra Almaniya kansleri Angela Merkelə zəng vurmağa məcbur oldum ki, o Putinlə danışıb saxlanılan Ukrayna hərbçilərinin dərhal azad edilməsini müzakirə  etsin”-Poroşenko deyib. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top