"Xəbəriniz olsun, "Azəriqaz" biabırçı aktlar tərtib edir" ittihamına RƏSMİ MÜNASİBƏT


Bir neçə gün öncə Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlovun sosial şəbəkədə vətəndaşlara müraciət etməsi və səsləndirdiyi iddialar barədə məlumat vermişdik. N. Gözəlov iddia etmişdi ki, "Azəriqaz" bəzi vətəndaşlara saxtalaşdırılmış məlumatla dolu aktlarla cərimə tətbiq edir, qanunsuz olaraq, əhalini qazsız və istiliksiz qoyur.

Nicat Gözəlov: "Onların əhalinin qaz sayğaclarına hücum çəkməsi və biabırçı aktlar tərtib etməsi artıq kütləvi hal alıb. Havaların kəskin soyuması ilə bu neqativ halın daha da güclənməsi gözləniləndir. Səbəb isə özbaşınalıqdır. Məhkəmələrə müraciət edən vətəndaşlar öz hüquqlarını bərpa edə biliblər. Yüzminlərlə insanımızı dövlətdən narazı salmağa yönələn bu hərəkət Dövlətin müvafiq orqanları tərəfindən nəzarətə götürülməlidir və bu iyrənc tapşırığı verənlər cəzalandırılmalıdır",-deyə qeyd etmişdi.
Səsləndirilən ittihamlarla bağlı Yeniavaz.com saytı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevdən münasibət öyrənib: "Qaz təsərrüfatı, o cümlədən sayğaclarla bağlı gündəlik olaraq məlumatlar verirsiniz, sizə təşəkkür edirəm. İctimaiyyəti maraqlandıran suallarla bağlı müraciət edirsiniz, mən də münasibət bildirirəm. "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğaclara müdaxilə olunmur və belə bir hal yoxdur. Sayğacda hər hansı bir səbəbdən qüsur baş verdikdə "Çağrı mərkəzi"nə müraciət daxil olur, bunun əsasında da əməkdaşlarımız yerində baxış keçirirlər. Əgər həqiqətən problem varsa, sayğac çıxarılır, dövlət yoxlamasından keçirilməsi üçün aidiyyəti üzrə göndərilir. Bu müddət ərzində abonentin qaz təchizatında fasilə yaranmaması üçün yeni sayğac qoyulur. Laboratoriyanın rəyindən asılı olaraq tədbir görülür".
İbrahim Kərbalayev deyib ki, sayğacda baş vermiş qüsurlar heç də kütləvi hal daşımır: "Sayğacda yaranmış problemə görə bütün məsuliyyət vətəndaşın üzərinə qoyulmur. "Azəriqaz" İstehsalat Birliyi bu məsələ ilə bağlı, bu kimi problemlərlə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. Məsələn, elə bu yaxınlarda Bakının Binə qəsəbəsində vətəndaşlarla əlbir olan bir sakinin sayğaclara müdaxilə etdiyi məlum olmuşdu. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bununla bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətdən sonra qəsəbə sakini Mütəllim Əliyev özü də etiraf etmişdi ki, vətəndaşların müraciəti əsasında bu işi həyata keçirib. Sayğacda baş vermiş qüsurlarla bağlı bütün məsuliyyət istehlakçıların üzərinə qoyulmur, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən də işlər aparılır. Bu sahədə baş vermiş qeyri-qanuni halların, o cümlədən təbii qazdan qeyri-qanuni istifadənin qarşısı alınır".
"Azəriqaz" rəsmisi məhkəmələrə müraciətin də kütləvi olmadığını deyib. "Sayğacda qüsur baş verdikdə dövlət yoxlamasının rəyinə əsaslanaraq sərfiyyata uyğun itirilmiş qazın dəyəri hesablanır. Bəzi istehlakçılar bununla razılaşmayanda bəli, aidiyyəti üzrə müvafiq məhkəmə orqanlarına müraciət ediblər",-deyə İ. Kərbalayev vurğulayıb.
 
Nicat

DİGƏR XƏBƏRLƏR

Top