Bakıda yol polisi hamilə qadına kömək etdi - FOTO


Bakı şəhər sakini İlyas Hüseyn oğlu Xudaverdiyev bu gün yol polislərinin dostunun hamilə həyat yoldaşına kömək etməsindən danışıb.

O, dostunun hamilə həyat yoldaşını doğum evinə  aparırmış. Yolda gözlənilmədən qadının doğuş sancıları başlayıb.

“Mən bilmirdim nə edim. Yolda sıxlıq idi. Dövlət Yol Polisi əməkdaşlarının avtomobilini görüb, yaxınlaşdım, bildirdim ki, kömək lazımdır. Həmin an kritik vəziyyət yaranmışdı”,- deyə həmsöhbətimiz bildirib.
Xudaverdiyevin müraciət etdiyi yol polisləri dərhal yolu açaraq, hamilə qadının vaxtında xəstəxanaya çatdırılması üçün kömək etməyə başlayıblar.

“Beş dəqiqə sonra doğum evinin qarşısında idik. O iki serjant sayəsində hər şey yoluna düşdü. Dostumun oğlu doğuldu. Mən xəstəxanadan çıxanda polislər artıq getmişdilər. DİN-in 102 qaynar xəttinə zəng edib polislərə təşəkkürümü bildirdim”.

DYP-nin şöbə müdiri Vaqif Əsədov hadisə ilə bağlı deyib: "99-YP-328 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajına vətəndaş yardım üçün müraciət edib və onlar hamilə qadının olduğu avtomobili xəstəxanaya qədər müşayiət ediblər”.

Vaqif Əsədovun sözlərinə görə bu həmin ekipaja gələn dördüncü təşəkkür zəngidir.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top