
Bu ilin ilk 9 ayı ərzində banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılan əməliyyatların həcmi 5 milyard dollar ekvivalentində olub.
Yeniavaz.com Mərkəzi Bankın 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, bunun 3,9 milyard dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib.
Bu ilin ilk 9 ayında da Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilib. Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Mərkəzi Bank tərəfindən ümumilikdə 75 valyuta hərracı keçirilib. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 4 milyard 289,4 milyon dollar olub.
Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7000 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1,6960, satış məzənnəsi isə 1,7023 manat təşkil edib.