Yenicə təmir olunmuş məktəbə niyə istilik verilmir? - Direktor aydınlıq gətirdi


"İki illik təmirdən sonra istifadəyə verilmiş Zərdab rayon Həsən bəy Zərdabi adına 1 saylı məktəb-liseyin binasına istilik verilmir. Artıq neçə gündür müəllimlər soyuq otaqlarda dərs keçirlər". Yeniavaz.com saytının xəbərinə görə, sosial şəbəkədə bu barədə övladı, yaxınları həmin məktəbdə oxuyan şəxslər məlumat veriblər.
Məlumat üçün bildirək ki, Zərdab rayon Həsən bəy Zərdabi adına 1 saylı məktəb-lisey "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən təmir olunub.
1176 şagird yerlik məktəb-liseydə smeta dəyəri 3,2 milyon manat olan əsaslı təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə "Xim Ekspres-2000" MMC tərəfindən aparılıb.
Təhsil ocağında əsaslı təmir işlərinə 2016-cı ildən başlanılmışdı. Məktəb-lisey bu il avqust ayında istifadəyə verilib. 
Məktəb-liseyə istilik verilməməsinin səbəbini aydınlaşdırmaq üçün direktor Vüsalə Kərimova əlaqə saxladıq.
Vüsalə Kərimovanın sözlərinə görə, bu barədə aidiyyəti qurumlara məlumat verilib və problemin həlli üçün addımlar atılır: "Məktəb-lisey yenicə təmirdən çıxdığı üçün istilik sistemi təhvil verilməli idi. Gəlib baxdılar və dedilər ki, müqavilə problemi var. "Azəriqaz" İstehsalat Birliyinə, Birliyin Tərtər Regional Qaz İdarəsinə bununla bağlı aidiyyəti qurumlar müraciət ediblər. Noyabrın 22-də müqavilə bağlanıb. Həftənin 5-ci günü, yəni müqavilə bağlanan gün "Azəriqaz"ın Tərtər Regional Qaz İdarəsi ilə danışıqlar aparılıb, nümayəndələr gəlib məktəbin qazanxanasındakı problemləri yoluna qoyublar. Son anda qazın verilişi yoxlanan zaman məlum oldu ki, podratçı təşkilatın gətirib quraşdırdığı qaz sayğacında problem var, xarabdır. Gözlənilməz bir vəziyyət yarandı. Həmin dəqiqə məlumat verildi və "Azəriqaz" İstehsalat Birliyinə məktub göndərildi".
Vüsalə Kərimova deyib ki, Tərtər Regional Qaz İdarəsi həftənin 1-ci günü nümayəndə göndərəcək, sayğac açılıb aparılacaq: "Onlar ya sayğacı düzəldib gətirəcəklər, ya da yenisi ilə əvəz edəcəklər. Ancaq dəqiq bilmirəm sayğacı 1 günə gətirəcəklər, 2 günə gətirəcəklər. Deyiblər ki, nə qədər tez imkan var, o qədər tez gətirib quraşdıracağıq. Siz də bilirsiniz ki, sayğac olmasa, qaz verilə bilməz.
Təəssüf ki, sayğacda problem olduğu əvvəldən bilinməyib, podratçı təşkilat gətirib quraşdırıb, indi yoxlayıblar ki, problem var imiş. Mən də, müəllimlər də - hamımız istəyərik ki, məktəbdə istilik olsun. Yeni binadır, istər-istəməz narahatlıq var, bilirik.
Bir gün fasilə olmayıb, hər gün biz o işin arxasınca düşmüşük, inşallah, yaxın vaxtlarda problem həll olunacaq".
 
Nicat

DİGƏR XƏBƏRLƏR

Top