Trabzon limanının müdirindən Ermənistan TIR-ları barədə AÇIQLAMA

Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksül Gülbeyin Ermənistan TIR-larına Trabzon limanının açıldığı barədə dediklərinə bu dəfə liman rəhbəri cavab verib. "Yeni Şafak" qəzeti yazır ki, Trabzon limanının müdiri Müzaffer Ermiş Gülbeyin iddialarının onu “məyus etdiyini” bildirib.

Və deyib ki, Trabzon Limanının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir.

Xatırladaq ki, ASİMDER başqanı Türkiyənin ildə 600 Ermənistan TIR maşınına Trabzon Limanından keçmyə icazə verdiyini açıqlamışdı. Bildirmişdi ki, həmin TIR-ların sürücüləri Türkiyənin Tiflisdəki səfirliyindən işçi vizası alırlar. Çünki sürücülərin turist kimi Türkiyəyə daxil olmasına icazə yoxdur. Gülbeye görə Ermənistan TIR-ları Gürcüstanın Poti Limanından 600 dollar daha ucuz başa gəldiyi üçün Trabzon Limanından istifadə edirlər və bu icazə bir neçə ildir verilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən Gülbeyin bu sensasion iddiasına yer vermişdi və çox keçmədən qardaş ölkənin Bakıdakı səfirliyi redaksiyamızla əlaqə saxlayaraq məlumatı qəti təkzib etmişdi.

İndi isə Trabzon Limanı müdiri Muzaffer Ermiş Gülbeyin “əsassız iddialarını” qəti təkzib edib.

“Bu dərnək Ermənistanla bağlı iddiaları gündəmə gətirir, məqsədləri çox açıqdır. Ancaq həmin dərnəyin bizdən sadəcə bir telefon zəngi qədər uzaqda olmasına baxmayaraq bu iddiaları gündəmə gətirməsi bizləri çox məyus etdi. Ermənilərin dünyaya açılan qapısı Trabzondur. Amma bu qapının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir”-Ermiş deyib.

Trabzon Limanının və limanı idarə edən “Albayrak Group” holdinqinin erməni məsələsinə olduqca həssas yanaşdığını vurğulayan Ermiş bildirib: “Xüsusən də söhbət Trabzondan gedirsə həssaslığımız daha da artır. Asiya və Avropanın kəsişdiyi transqafqaz dəhlizində Ermənistan önəmli nöqtədə yerləşir. Əgər ağıllı davransalar, Azərbaycan torpaqlarından çəkilsələr ticarətdə çox önəmli gəlir əldə edirlər”.

Bəs iddianı gündəmə gətirən ASİMDER başqanı nə deyir? “Yeni Şafak” Gülbeylə əlaqə saxlayıb və ASİMDER başqanı etiraf edib ki, Ermənistan TIR-larının Trabzon Limanından istifadə etməsi haqda əlində sübut, fakt yoxdur.

“Mən bu haqda eşitmişəm, bölgədən bəzi insanlar bu məlumatı mənimlə paylaşdı. Mən də iddiaları gündəmə gətirdim”- Göksel Gülbey deyib.

Lakin bu iddiaları gündəmə gətirən təkcə ASİMDER başqanı deyil. Ermənistanın Sahibkarlar və İş Adamları Birliyinin nümayəndəsi Artur Kazaryan 2012-ci ilin iyulunda “Novosti Armenia” agentliyinə açıqlamasında deyib ki, Türkiyə ildə 200 Ermənistan TIR avtomobilinə Trabzon limanından dünyaya açılma icazəsi verib. Kazaryan bu razılaşmanın Ukraynanın vasitəçiliyi ilə əldə olunduğunu deyib və gələcəkdə Trabzondan keçən TIR-ların sayının 400-600-a çatacağını bildirib... (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top