Azərbaycandan Ukraynaya 260 kq heroin aparmaqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaqda təqsirləndirilən İmamverdi Ağayevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a vəkil Hafiz Ələsgərov məlumat verib. 

O deyib ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilib. 

İ. Ağayev məhkəmə iclas zalından azadlığa buraxılıb. Şikayətdə İ. Ağayevin azadlığa buraxılması istənilirdi. 

Qeyd edək ki, İ. Ağayev Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi. 

Xatırladaq ki, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi “Mercedes-Benz Axor” markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib. Həmin nəqliyyat vasitəsində olan “Sodium Karbonat” yükünün Azərbaycandan tranzit keçməklə, İranın “Mojtaba Shage Azar” şirkətindən Ukrayna Respublikasının “LLC Lisintra” şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

Nəqliyyat vasitəsi öncə stasionar rentgen qurğusu ilə yoxlanılıb və avtomobilin qoşqusunda olan “Sodium Karbonat” yükünün arasında şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən qoşqudakı 20 ədəd paletdə, cəmi 800 ədəd polietilen torbada olan “Sodium Karbonat” yükü boşaldılıb və həmin yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. 

Xidməti it yükə reaksiya verdiyi üçün isə bütün polietilen torbalar açılaraq təkrar yoxlanılıb. Bu zaman iki ədəd paletdə - üzərində “Najı Sodium Bicarbonate Fire Extinguıshıng Powder” sözləri yazılmış 25 ədəd polietilen torbada ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir. 

DİGƏR XƏBƏRLƏR

Top