Dollar kreditinə görə zamin olmayan şəxsin pensiyasından pul tutublar - ŞİKAYƏT


Mingəçevir şəhər sakini Güloğlan Məsim oğlu İsmayılov Yeniavaz.com saytına müraciət edib. Dediyinə görə, "İnkişaf üçün Maliyyə" Bank olmayan kredit təşkilatının Mingəçevir filialından 2014-cü ildə gəlini Ülkər Kərəm qızı İsmayılova 4 min ABŞ dolları kredit götürüb: "Yoldaşım gəlinə zamin durub. Azərbaycan manatı ilə bizə 3100 AZN verilib. 2 ay sonra - devalvasiya olanda bizə bildirdilər ki, gəlin müqaviləyə qol çəkin, kreditin vaxtı 4 ay uzadılır. Biz krediti 1 illik müqavilə əsasında götürmüşdük. Müqavilənin vaxtı 4 ay uzadıldı. Həmin bu pulu ödəyib qurtardıq. Təmizlik kağızı almaq üçün banka gedəndə bizə dedilər ki, sizin borcunuz var. Götürdüyümüz kreditə görə 5453 manat pul ödəmişdik. Lakin bank bizə deyir ki, bu qədər məbləğlə sizin borcunuz bitmir. Mən zamin olmaya-olmaya məni zamin kimi qeyd ediblər, həm mənim, həm də yoldaşımın pensiyasından 4 ay pul tutublar. Getmişəm pensiyamı almağa, evə 1 qəpiksiz gəlmişəm. Bundan sonra mən kredit götürdüyümüz həmin təşkilatın qanunsuz işlərini araşdırmaq üçün məhkəməyə müraciət etdim. Məhkəmə uzun sünüdürməçilikdən sonra işi onların xeyrinə həll etdi. Daha sonra  Prezidentə, Baş prokurorluğa məktub göndərdim. Prezident Administrasiyasından Ali məhkəməyə məktub gəldi. Amma məhkəmənin hakimi mənə dedi ki, gedin bankla razılaşın, bu iş bağlansın. Amma bank bizim köhnə ödəniş cədvəlimizi ləğv edib, özləri üçün yeni cədvəl tərtib edərək məhkəməyə və digər aidiyyəti orqanlara yollayıblar. Köhnə cədvəldə bank mütəxəssisi Gülanrə Qüdrət qızı Səmədovadır və biz krediti ondan götürmüşük. İndi tərtib etdikləri cədvəldə isə bank mütəxəssisinin adı qeyd olunmur. Bu problemlə bağlı dəfələrlə bankın müdiri Şirin Həbib oğlu Aslanova müraciət etmişəm, lakin o, mənə deyir ki, sən bizə heç nə sübut edə bilməzsən, heç nə edə bilməzsən. Bu özbaşınalığa məhkəmələr göz yummalıdır? Mən artıq ürək, əsəb xəstəliyinə düşmüşəm. Həm malım gedib, həm də canım. Məhkəmə ilə bank arasında qalmışam. Mənə deyirlər ki, 157 manat da ödə bununla səndən qurtaraq. Amma bankın mənə hazırda 1047 manat borcu var. Mən köhnə cədvəllə 22 ay banka pul ödəmişəm. Amma onlar yeni tərtib etdikləri cədvəldə 17 ay göstərirlər. Bu cədvəli də həm ekspertizaya, həm də məhkəməyə göndərirlər. Bu düşdüyüm problemlərdən dolayı indi aptekdən dərman almağa belə pulum yoxdur".
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top