
Dünən İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında “Day of Children Cup” turniri keçirilib. Komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (-38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi -41 kq), Mahir Məmmədov (-44 kq), Ramiq Heybətov, Nurəddin Novruzov (hər ikisi -48 kq), Ağanəzər Novruzov (-52 kq), Məhəmmədəli Quliyev (-57 kq), Namus Orucov (-62 kq), Səttarxan Allahverdili (-68 kq), Varis Mehdizadə (-75 kq) və Xəlil Allahverdiyevdən (-85 kq) ibarət kollektiv təmsil edib.
Yığmamız qrupda İran-1 komandasına 3:7 hesabı ilə uduzubsa, eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticə ilə qrupda II yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub.
Fərdi birincilikdə Ruslan Abdullayev, Ramiq Heybətov və Məhəmmədəli Quliyev qızıl, Mahir Məmmədov isə gümüş medalı boynundan asıb.(oxu.az)