"Mingəçevirdə sahibsiz itlər binaların bloklarında yatır" - Sakinlər şikayət edir


Mingəçevirdə sahibsiz itlərin sayı-günü-gündən artır. Sakinlər narahatdır. Bir neçə ay bundan öncə də Mingəçevirdə sahibsiz itlərlə bağlı sakinlərin narazılığını çatdırmışdıq. Lakin aidiyyəti orqanlar tərəfindən bu problemlə bağlı hər hansı addım atılmayıb. Nəticədə sahibsiz itlərin sayı daha da çoxalıb. Artıq sahibsiz itlər binaların bloklarında, zirzəmilərdə gecələyirlər. Səhər işə, məktəbə gedən sakinlər bu itlərin həm hücumuna məruz qalır, həm də zirzəmilərdə gecələyən itlər xəstəlik mənbəyinə çevrilib.
Şəhərin V. Hüseynov, M. Maqamayev, M. Axundov küçələrində yaşayan sakinlər Yeniavaz.com saytına bildirib ki, nə vaxta qədər şəhərdə Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi yaradılmayıb vəziyyət daha acınacaqlı olacaq. Hətta gecələr sürü halında gəzən sahibsiz itlər avtomobil yollarına cıxaraq sürücülərə mane olurlar. Ən çox da zibillik ərazilərdə dolaşan sahibsiz itlər insanlara hücum çəkirlər. Şəhərin zibil poliqonuna yaxın həyət evlərində yaşayan Az.Dres qəsəbəsinin sakinləri  də sahibsiz itlərin onlar üçün təhlükə yaratdığını deyirlər.
Sakinlər bildirir ki, bu məsələ ilə bağlı dəfələrlə şikayət ediblər, keçmiş icra başçısı Niyazi Bayramov deyibmiş ki, Mingəçevirdə sahibsiz itlər üçün sığınacaq tikilir. Lakin bu məsələ də öz həllini tapmayıb. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top