İxracın yarıdan çoxu 5 ölkənin payına düşüb


Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 1 milyard 482,1 milyon dollar (ümumi idxalın 16%-i) olub.
Rusiyada sonra ən çox Türkiyədən və Çndən məhsul gətirilib. 2018-ci ilin ilk 10 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 1 milyard 309,6 milyon (ümumi idxalın 14,1%-i) və 948,7 milyon dollarlıq (10,2%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (530,7 milyon dollar), ABŞ (448 ,9 milyon dollar), İsveçrə (406,5 milyon dollar), Ukrayna (359 milyon dollar), Yaponiya (339,1 milyon dollar), İran (301,1 milyon dollar), İtaliya (274,2 milyon dollar) və digər dövlətlər tutur.
Ötən illərdə olduğu kimi 2018-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 10 ay ərzində bu ölkəyə 4 milyard 426,7 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 27,7%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 1 milyard 480 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 9,3%-i). Ən çox məhsul satdığımız ölkələrin sıralamasında İsrail 3-cü sırada qərarlaşıb. Son 10 ay ərzində İsrailə 1 milyard dollar dəyərində (ümumi ixracın 6,3%) məhsul göndərilib.
Həmçinin 749 milyon dollar dəyərində məhsul Hindistana satılıb. Çexiyaya 718,3 milyon dollar, Tayvana 714,2 milyon dollar, Almaniyaya 678,8 milyon dollar, Kanadaya 556,8 milyon dollar, İndoneziyaya isə 536,8 milyon dollar dəyərində məhsul satılıb.
Qeyd edək ki, ixracın 52,4%-i 5 ölkənin - İtaliya, Türkiyə, İsrail, Çexiya və Hindistanın payına düşüb.
 

DİGƏR XƏBƏRLƏR

Top