Avtoyuma işçisi müştərinin avtomobili ilə qəza törədib, vəziyyəti ağırdır


Şəki rayonunda yol qəzası baş verib. Hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Şəki şəhər Bağbanlar küçəsinin sakini, 1998-ci il təvəllüdlü Təbriz İmran oğlu Eyvazov idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, açıq kəllə-beyin travması diaqnozu qoyulan T.Eyvazov Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.
Qəzanı törədən Təbriz Eyvazov şəhərdə fəaliyyət göstərən avtoyuma məntəqəsinin işçisi olub.

O, müştərinin ona yuyulmaq üçün gətirdiyi "Mercedes" markalı avtomobili sahibindən icazəsiz götürüb və yaşadığı ünvan istiqamətində hərəkət edib. İdarəetməni itirən T.Eyvazov maşını yol kənarındakı ağaca çırpıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top