Gürcüstanda 600 min insanın krediti silinir, bəs Azərbaycanda? - Deputatdan açıqlama

Xəbər verildiyi kimi, Gürcüstanda "maliyyə amnistiyası" elan edilib, 600 mindən çox insanın borcları silinəcək. Söhbət vətəndaşların banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borclarından gedir. Gürcüstanın Baş naziri Mamuka Baxtadze bildirib ki, borcların silinməsinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək yekunlaşacaq. Onun sözlərinə görə, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan Gürcüstan vətəndaşları daxildir.
Bu məsələ bir neçə gündür Azərbaycanda da vətəndaşlar arasında müzakirə olunur. Bəs Azərbaycanda da "maliyyə amnistiyası"nın elan edilməsi, xüsusilə kreditini ödəyə bilməyən, devalvasiyadan sonra banka olan borcunu qaytara bilməyən vətəndaşların borclarının silinməsi mümkündürmü? Bunun üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Yeniavaz.com saytı millət vəkili Vahid Əhmədovdan münasibət öyrənib: "Gürcüstanda İvanaşvili seçkiqabağı öz namizədini keçirmək üçün belə bir addım atıb. Öz fondundan vəsait ayırıb ki, müəyyən insanlara güzəşt edilsin. Azərbaycanda məsələ tamamilə başqa cürdür. Bizdə təxminən 2 milyarda yaxın vaxtı keçmiş kredit var, onların məsələsi həll olunmalıdır. Bu mövzu Azərbaycanda həmişə müzakirə obyekti olur. Büdcəni müzakirə edəndə biz bu məsələlərə toxunuruq, Milli Məclisdə plenar iclaslarda müzakirə edirik".
Deputatın sözlərinə görə, bununla əlaqədar olaraq müəyyən təkliflər var: "Bunları araşdırmaq, baxmaq lazımdır. Bunlar hamısı dövlət rəhbərliyi səviyyəsində həll olunası məsələlərdir".
Vahid Əhmədov deyib ki, istənilən halda ödənilməyən kreditlərlə bağlı müəyyən güzəştlər etmək lazımdır: "Bank sisteminin sağlamlaşdırılması üçün də belə addım vacibdir. Çünki bank sisteminin özündə də müəyyən kapital problemi var. Bu qədər borcun olmasının maliyyə bazarına da mənfi təsiri var, tez-gec öz həllini tapmalıdır".
"Təkliflər etmişik, baxılıb... Borcların silinməsi məsələsini istənilən formada formalaşdırmaq olar ki, kimə verilsin, kimə şamil edilsin. Elə insanlar var ki, krediti bilə-bilə qaytarmırlar, eləsi var həqiqətən imkanı yoxdur. Bunlara baxmaq, araşdırmaq lazımdır, onsuz da elə kreditlər var ki, qayıtmayacaq, ödənilməyəcək. Onları birdəfəlik həll etmək lazımdır, insanlar bilsinlər ki, azad olunublar. Bu addım maliyyə sistemində də müəyyən irəliləyişə səbəb ola bilər. Bu cür borcların silinməsi maliyyə bazarındakı problemlərin həllinə gətirib çıxara bilər. İnsanlar da var kreditlərini bilərəkdən qaytarmırlar, onlara kömək etmək olmaz".

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top